Rafiq HÜMMƏT: “Mənim Rafiq Hümmət olaraq sevdiyim insanlara ödənməz borcum var” – MÜSAHİBƏ

0


Müsahib
ələrə demək olar ki, həmişə bu sualla başlayıram. Sizə də eyni sualı verəcəm: Rafiq Hümmət kimdir?

Zənnimcə, məni az-çox sən də tanıyırsan. Lakin imzasına, şəxsiyyətinə böyük hörmət bəslədiyim bir gənc yazarımız kimi sənə bir başqa aspektdə cavab vermək istəyirəm. Rafiq Hümmət gənc nəslin, gənc yazarlarımızın ən yaxın dostlarından biri və onların həmkarıdır. O mənada ki, əksəriyyətiniz tələbəsiniz, elə mən də tələbə kimi bu günə kimi öyrənirəm və sizlərlə bölüşməyi, sizlərlərlə ünsiyyəti, müzakirə etməyi, sizlərlə böyük ideallar barədə danışmağı çox sevirəm.

Bu günə qədərki həyatınızı bir sözlə necə ifadə edərdiniz?

Eşq… Hər mənada, yəni, konkret olaraq yalnız qadın yox. Mən hətta mənə güllə atanlara da nifrət edə bilmədim, bəlkə anında əsəbləşdim, hirsləndim… bəzən məni elə qəfildən incidiblər, həmin an heç söhbətə, nəyi isə ayırd etməyə də hövsələm olmayıb, başlarında şüşə, yaxud stəkan, banka sındırmışam, amma hər şey bir göz qırpımında baş verib, yarım saatdan sonra isə peşman olub illərlə xəcalət hissi yaşamışam. Amma ümumi götürdükdə, o soruşduğun bir sözün adı – Eşqdir, vəssalam. Çünki fani dünyamız, ömrümüz başqa şeylərə, xüsusən də hər cür neqativə  içində, könlündə, həyatında yer verəcək qədər uzun deyildir.

Bəs o eşq, sevgi nəyə qadirdir?

O eşq ilk növbədə bir yaşam tonusu, ümid, hərəkətveirici dinamo, bədxahlardan, yer üzündəki hər cür pisliklərdən insanı hifz edən bir qüvvədir. Və hər şeydən əvvəl, düşünürəm ki, ləyaqətli bir ömür yaşamaq üçün bir sığortadır.

Eyni fikirdə olduğum bir insanı kəşf etdim, buna görə çox xoşbəxtəm…

Söz də böyük bir qüvvədir, söz və sevgi arasında nə əlaqə var?

Söz eşqin yazılı şəklidir. Eşqi yaşayır və sözlə rəsmini şəkirsən.

Bəs, hansı söz daha gözəldir? Şeirmi?

İndi bir şair kimi deyirəm, mənim də könlümdən keçərdi yaxşı romançı olaydım, çünki gözəl təsvir-təsəvvür etməyim var, gözəl danışmağım var, eyni zamanda çox gözəl bir tənbəlliyim var (gülür). Düzdür, xırda-para hekayələr də yazmışam, hazırda da avtobioqrafik də olsa, bədii çalarlarla dolu bir roman üzərində işləyirəm, fərəq mənim üçün şeir özü ayrıca bir eşqdir, həyatdır, uşaqlıqdan könül verdiyim, körpəlikdən mənimlə yürüyən, bu gün də hər addımda məni müşayiət edən, yolumun bütün qaranlıq nöqtələrinə işıq tutan və bütün dar məqamlarda Tanrının məni xilas edən pıçıltılarıdır.

Bax, şeirin sizə verdiklərinin sayı bu qədər çoxdur, siz şeirə nə vermisiniz?

Onu siz məndən yaxşı bilməlisiniz. Hər halda, mənim şeirə nə verdiyim haqda… Sözün düzü, heç düşünməmişəm bu mövzunu indiyə qədər – şeir mənə nə verib, mən şeirə nə vermişəm. Amma onu bilirəm ki, mən yaşadığımı yazdım, mən heç bir zaman, amma heç bir zaman saxta söz yazmadım, mən şeirə onu vermişəm ki, heç bir zaman onun gözünə saxtalıq qatmamışam, sırf Rafiq Hümməti yazmışam… Bu mövzuda şeirim də var, çap olunmuşdur:

“Mən taleyini yazdım Rafiq Hümmətin

Böyük bir Çölün, ağır bir köçün”.

Və mənim oxunmaq dərdim yoxdur. Olur ki, mən sözümü sadəcə rüzgara da pıçıldayaram, əsən küləklərə də, o da mənə kifayət edər.

Söz pıçıldanmasa, nə olur sözə?

Məsələn, buna da iki prizmadan baxmaq olar. Söz maddiləşdisə, yəni yazıldısa, oxunsa çox gözəl olar, amma elə söz ki, ayın nurunda çiçəkləmir, bütün içini, çölünü yandıra-yandıra həyata doğulmur, o sözü istər pıçılda, istər oxu, istər uca tribunalardan söylə, istər ona ən oxunaqlı yüksək keyfiyyətli musiqi bəstələ və onu ifa et, xeyri yoxdur, qalıcı, yaşarı olmayacaq. Amma söz, tam səmimi deyirəm, oxunsa daha gözəldir, reklam edirlər, oxunan insanlar da var, amma minlərlə, milyonlarla elə oxucudansa, 5-6, lap 10, 100 səni tam anlayıb, dərk edib və sənin yaşantılarını özünə doğma sanan oxucuların olması daha yaxşıdır.

Demək, oxuculara görə də şeir təsirini dəyişir…

Mütləq… Məsələn, elə şeirlərim var, heç vaxt istəmərəm, ona kimsə şərh yaza və ya müzakirə edə. Nədən? Bəlkə də istədrim onu ya Tanrı şərh edə, ya da o şeir kimə ünvanlanıb, sadəcə o. Dönə-dönə üzr istəyirəm, ifadəm bəlkə yerinə düşmür, dəqiq, tam çılpaqlığıyla biləndə ki, o sözü şərh edən, o söz barədə danışanın mahiyyəti, təfəkkürü, içgüdüsü, qavrayışı, poetik alqısı tamamən o şeirdən uzaqdır, siz təsəvvür edin, mən, mənim vəziyyətimdə olan şairlər nələr çəkə bilərlər. Bizə Sovet dövründə deyirdilər, sənət xalq üçündür, amma eyni zamanda kapitalizmdə belədir ki, sənət sənət üçündür. Əslində, bunların ikisi də düzdür, amma ikisi də tamamən 100/100 düz sayıla bilməz. Hər halda, ikinciyə üstünlük verirəm nisbətdə. Sənət sənət üçündür. Sənətkarsansa, hər kəsin səni dərk edə bilməsi mümkünsüzdür. Adi bir çoban əkiz quzu verən qoyunun doğum prosesində nələr yaşaya bilir, onu başqa sahənin adamı çətin ki, yaşaya, bəlkə təsvir edə bilər, amma o çobanın həyəcanlarını yaşaya bilməz.

Amma bizim şeirlərimizi, bizi şərhlər formalaşdıra bilər…

O da var, mümkündür. Məsələn, gənc dostlarla olanda sənin adını çəkmişdilər. Əlbəttə, adın çəkilirsə, poeziyandan söhbət gedir və şərhlər edilir. Mən səni onların şərhindən tanıdım. Necə? Çünki onların zövqünə inanırdım. Bu zövq də nədir? O da yalandır ki, ədəbiyyat, şeir zövqdən asılıdır. Xeyr, zövq deyəndə mən onların poetik bilgisinə, alqısına inanıram. İnsanların 90/100-ı kənddə baş daşına şeir yazan şairləri tanıyırlar, sən onlara bir şeirini oxusan, düşünəcəklər, dəlimi olub, bu yazdığı nədir. Buna onun zövqu deyil, oxucu savadsızlığı demək olar. Amma sənin haqqında olan o şərhlərə, sənin yaradıcılığını hələ incələməmişdim, inandım və oxuyanda da inancımda yanılmadığımı gördüm. Üzünə demək olmasın, sən mənim sevdiyim şairsən və çox böyük güvənim var sənin şair gələcəyinə. Bu müqəddəs yolu istəyərəm davam edəsən.

Çox sağ olun, Rafiq müəllim, davam etməyə çalışacam…

Hansı ölkənin sözü gözəldir?

Tam səmimi deyim, “ölkə sözü” nibi bir ifadə olsa da, mənim üçün, əlbəttə, öncə Gürcüstanın. Mən dünyanı çox gəzməmişəm, amma çox oxumuşam, TV-da baxmışam. Türkiyədə çox oldum, əsrarəngiz və dünyanın heç bir yerində olmayan təbiəti və enerjisi var. Rusiya dolça bürcüdür Rafiq Hümmət kimi, orada da çox olmamışam, 2 il əsgərlik, sonra bir neçə dəfə də səfərlərim olub, Rusiyada bəxti gətirən insanam, amma həyatımız ölkəmizə bağlanıb, vətənimizə bağlanıb. Bir ömür üçbucağım var mənim: Gürcüstan, Azərbaycan, Türkiyə. Üçü də mənim üçün vətəndir, ən sevdiyim ölkələrdir.

Ölkənin sözü də nisbidir. Məsələn, yazarınkı da sözdür, şairinki də sözdür, dramaturqunki, publisistinki də sözdür. Şeiriyyətdə Azərbaycan həmişə üstün olub. 1-cü dünya müharibəsindən sonra şeir, ədəbiyyat tez-tez dəyişən uzun bir yol keçib, ümumilikdə götürəndə gürcülərdə nəsr daha güclü olub, mən gürcü nəsrini çox sevirəm. Hələ 1850-ci illərdə yazılan Giorgi Tseretelinin olduqca gözəl povestlərini oxumuşam… Məndə kitabı da var. O səpkidə, o tipli povestlər bizdə yalnız XX əsrdən sonra yaranmağa başladı. Amma poeziyaya baxanda Azərbaycan şedevrlər ölkəsi, Azerbaycan xalqı şedevr bir xalqdır. İndi biraz lağa qoyanlar peyda olub, modernizm, postmodernizm adı ilə çox şeyi qatıb-qarışdırıblar. Məsələn, düşünürəm ki, dayaz bir istedadla ağlına gələni yazmaq və postmodernizm kimi sırımaq olar. Şeirin bir estetikası var, içi və dışı gözəl olmalıdır, rəndələnməli, ülgülənməlidir, həm də içində böyük, fəlsəfi eşq yükü olmalıdır.

Bunu da qeyd etməliyəm ki, əksər gerçək şairlərin qiyməti sağlığında bilinməyib, hər zaman, nədənsə, sağlığında daha çox məddahlar, poeziayaya, ədəbiyyata dəxli olmayanlar meydan sulayıb. Bununla belə, istənilən halda gerçək söz adamları sonradan halal haqlarını alıblar.

Azərbaycanda və Gürcüstanda yaşayıb-yaradan azərbaycanlıların şeirləri arasında bir fərq görürsünüzmü?

Belə deyək, böyük bir fərq yoxdur, damarımız, qanımız, hamısı eynidir, amma fərq, əlbəttə, dünyagörüşü fərqi olmalıdır, biz başqa-başqa ölkələrin vətəndaşlarıyıq. Sistemlərində də, dünyagörüşündə də fərq var. Məsələn, mən Tiflisdə təhsil almışam, Bakıda da bir neçə ay oxumuşdum universitetdə, təbii ki, müqayisələr aparırdım. Biz çox sərbəst idik və əsasən gənclərin müqayisə obiyekti xanımlar, qızlar olurdu. Tiflisin qızları o qədər gözəl idi, deməli, Rustaveli prospektindən getmək məhv olmaq demək idi (gülür). Bakıda o vaxtlar müqayisədə gözəllər az idi, bəlkə də gözəlliyi gizləyənlər çox idi. Amma indi müqayisə üçün Rustaveli prospektini də, “Tarqovını” da gəzək. Sadəcə bir məsələni düşünürəm ki, hər ölkənin cürbəcür inqilabları olur, şərt deyil ki, hamısı böyük oktyabr sosialist inqilabı kimi dağıdıcı olsun, sadəcə mədəni inqilablar olur, renessanslar baş verir, hətta dini inqilablar olur, sanki qan dəyişməsi, ruh dəyişməsi baş verir, qadın azadlığı deyilən amillər ortaya çıxır. Gürcüstan 70-ci illərin sonu, 80-ci illərdə “erotik” inqilabdan keçdi. Bu məsələn Bakıda 2000-ci illərdən sonra başladı, bunu yəqin mütəxəssislər daha yaxşı analiz edir. Bizim xanımlar öncələr daha çox evə, ailəyə bağlı, övladlarına düşgkün, əziyyəti daha çox olan, krem-pudradan aralı duran olub, amma indi belədirmi? Təbii ki, belə deyil.

Biz sənətdən danışdıq, haralara gətirdik çıxardıq söhbəti. Demək olar, sənətdə də fərq var. Sadəcə, müasir sənətdə məni üzən bir şey var, hər şey sürətlə romantikadan uzaqlaşır. Məsələn, romantik dövr, həmçinin futurizm əsasən ötən əsrin əvvəllərində başladı, böyük romantiklərimiz var idi, elə Hüseyn Cavidin adını çəkmək kifayət edir. Romantizm çevrildi realizm, tənqidi realizm, daha nələr oldu, gəlib indi heç nəyə yaramayan bir postmodernizm üzərində dayanıb hamısı və bu cərəyanda yazılanların əksəriyyəti insanları ümidsizliyə sürükləyir, onlarda sözün əsl mənasında xoş ovqat oyatmır. Amma sənətin missiyası o olmamalıdır. Məsələn, bizim vaxtımızda hind filmləri ağlasığmaz dərəcədə dəbdə idi, Hindistan rəsmən 300 milyonluq SSRİ üçün film istehsal edən bir ölkə idi. Yüksək romantika, mənfi və müsbət insanlar obrazı və, ən əsası, hər zaman kulminasiyada xeyir şərə qalib gəlirdi. İndi bilərəkdən, ya bilməyərəkdən, dünyanı idarə edən qruplar, asan idarə etmək üçün insanları doldurublar Facebook-a tövlə kimi, bu sosial şəbəkələr getdikcə tövləni xatırladır, elə mən özüm də o tövlənin içindəyəm. İnsanlar dolub o tövləyə, real həyatdan uzaqlaşıblar, pessimizm, ağlaşmalar və, fikir verirsənsə, cəmiyyətin 80%-i depressiyadadır. Halbuki, adicə canlı ünsiyyət nə qədər insanı gündəlik qayğılardan ayıra bilmək qüdrətinə malikdir.

Belə müqayisəniz də olub yəqin, kişi və qadının yazdığı şeirlər arasında fərq varmı sizə görə?

Əlbəttə, var, ana fərqi, mərhəmət fərqi, daha böyük duyğusallıq fərqi. Kişi istər şair olsun, istər fəhlə, kobud kateqoriyalı məxluqlar cinsinə aiddir. Biraz həmcinslərim qınayacaq məni, hərçənd özüm elə kobud adam deyiləm (gülür). Qadın çox zərif məxluqdur, qadını ulu Yaradan heç bir tabloda görünməyən rənglərlə çəkib, bu rənglər o qədər zərif rənglərdir ki, ona xüsusi göz lazımdır görməyə və dərk etməyə. Bax, bu baxımdan gerçək sənətçi qadınların yazılarına da bax, onlarda mərhəmət daha çoxdur, sevgi və bu sevgini əks etdirən duyğular daha səmimidir, daha lirikdir. Fəlsəfi tərəfinə baxanda, bu da birmənalıdır, amma sən qəbul etməyə bilərsən, düşdüyün mühitdən, mütaliə dairəsinndən, təhsil səviyyəsindən çox şey asılıdır, amma bütün bunlarla belə, biz nisbətdə danışırıq, qadın zərifliyin, kişi isə daha çox kobud fəlsəfənin yazarıdır. Yazarlar bunu bilərəkdənmi belə edir, yoxsa təbii olaraqmı belə alınır, birmənalı cavab vermək çətindir.

Qadının müxtəlif qadağaları da var…

Mütləq, əlbəttə.. Tabular, qadağalar, xüsusən qadın üçün hər zaman olub və var. Bəziləri ona riayət etmir və etməmək mümkündür də. Hər şey onsuz da bir nöqtəyə bağlanır sonucda – şəhvani və erotik, çılpaq  duyğuların ifadəsinə. Ağlına gələni monitora köçürən və paylaşan qadınlarımız az deyildir…

İndi sənin şeirlərini oxuyuram. Səhv etmirəmsə, belə bir ifadən yadımda qalıb, “ac” və “acının” alliterasiyası idi, o qədər gözəl tutmuşdun…

“Kaş ki, mən də acımdan yox,

Başqaları tək acından öləydim”

Acımdan yox, acından öləydim. Bu acının, kədərin miqyası gör nə qədər böyükdür ki, acından ölməyi tərcih edirsən və ya insanlığın tab gətirmir, sən də o acından ölənlərin cərgəsində olmaq istəyirsən. Bu çox böyük ifadədir. Mən buna eşq olsun deyirəm.

Biri də var, deyir Allahla cinsi əlaqədə olmaq istəyirəm, bu postmodernizmdirmi, poetik parçadırmı?

Yəni, sizcə, sərhədlər olmalıdır…

Tabu var, o kişiyə də aiddir. Tutalım, elə şeirlərim var, bestseller ola bilər, amma mən özüm onların yayımına qadağa qoymuşam. Mənim xeyli yazılarım var, heç vaxt oxucuya çatdırmayacam, sadəcə bir oxucu, yeganə oxucu üçün yazmışam, vəssalam. Mənim anlamımda poeziya nə qədər mənimdirsə, təxminən o qədər də sənin olmalıdır.

Tabu barədə bu yaxınlarda bir yazı yazmışam, Allahın yasaqlamadığını dövlət yasaqlayır, dövlətin yasaqlamadığını cəmiyyət yasaqlayır, cəmiyyətin yasaqlamadığını külfət yasaqlayır, külfətin yasaqlamadığını içindəki şəxsiyyət yasaqlayır və ömrümüz beləcə yasaqlar içində keçir.

Yəqin içimizdəkinin adı vicdandır…

Bu ilk növbədə vicdandır, əlbəttə, amma mən vicdan flan bilmirəm. Milçək girsin evə, mən yoldaşıma deyirəm bunu rədd etsin, mən onu öldürə bilmərəm, aynanı açıb deyirəm, rədd ol, şərəfsiz, burdan (gülür). Hətta buna şeir yazmışdım:

Önümdə uçunan milçək,

Sən Allah, canımdan əl çək.

Səbrimdən asıb yellənçək,

Buna bax, bu da uçunur.

Tutalım insan nifrətlə, acımasızlıqla sənə, mənə ağır zərər yetirmək istəyir və imkanı olsa, yetirərdi, burda nə vicdan, artıq o onu etmiş sayılır. Vicdan qəddarlığı etməmək yox, o barədə düşünməməkdir. Buna bənzər ifadələr işlədənlər çox olub.

Məsələn, “Bu akşam ölürüm” mahnısı ilk dəfə səslənən gün onun təsiri altında bir neçə gənc intihar edərək, özlərini öldürdülər. Rəsmi cinayət tərkibi olmasa da, məncə o mahnını araya-ərsəyə gətirənlərin həmin gənclərin intiharında mənəvi məsuliyyəti olmamış deyildi. Sənətdə belədir. Elə adam var, yazır, oxunmur da, amma bəzi kateqoriyalı insanlar ehtiyatlı olmalıdır. Onlar bəlkə də bir cümləylə insanları çevrilişə təhrik edə bilərlər. Mühəndisin bir yalnış işinə görə ev çökə bilərsə, bir şairin də yaramaz bir beyti ilə kimsə intihar edə bilər. Buna görə bəzi misraları təmizləyirsən. İnsan öz övladına rəva bilmədiyini, başqasına rəva bilərmi?

Hər nə qədər söhbəti davam etdirmək istəsəm də, son sualı verməliyəm.

Rafiq müəllim nəyisə kiməsə borcludurmu?

O qədər pul borcum, kreditim var (gülür)… Amma ən çox sevdiyim insanlara borcluyam. Çünki bir insanı sevdinsə, deməli, o sənin yaşamının stimuludur və bu stimul üçün ona borclusan. Mənim də Rafiq Hümmət olaraq sevdiyim insanlara ödənməz borcum var.

Nərmin Hüseynova

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.