Professor Əziz Sancar aldığı Nobel mükafatını Atatürkə ərməğan edib – MÜSAHİBƏ

0

Kimya sahəsində 2015-ci ilin Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina (North Caroline) Universitetinin professoru Əziz Sancarın müsahibəsi

– Nobel mükafatınızı bu torpaqların xilaskarı və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə ərməğan etməyiniz oldu. Bu haqda nə demək istərdiniz?nobel aziz sancar(1)

– Azərbaycanlılar, sizin prezidentiniz demişdi ki, biz bir millət, iki dövlətik. Azərbaycanlıların könlümüzdə ayrı yeri var. Eyni millət sayılırıq, eyni millətik. O baxımdan mən Nobel mükafatını alanda azərbaycanlılar çox diqqət göstərdilər. İki xanım gecə yarısı gəldi, məndən müsahibə aldılar, onları çap etdilərmi, bilmirəm. Ancaq həqiqətən mənə çox yaxşı təsir etdi, uşaqları ilə gəlib təbrik edənlər vardı. Sağ olsunlar, mükafatı aldığım günlərdə azərbaycanlılar mənə çox diqqət göstərdilər. Bundan çox kövrəldim.

– Xocam, daima Atatürkü vurğulayırsınız, mükafatınızı ona ərməğan etdiniz. Lakin Türkiyənin bugünkü ibtidai və lisey təhsili dini təmayülə doğru yönəldilib. Sanki təhsildə tərsinə gediş var. Bu təhsillə Türkiyədə elmdə irəli gedə bilərmi?

– Nəzərdə tutduğunuz məktəblər – “imam-hatip”lər mövzusunda çox da məlumatım yoxdur. Ancaq universitet müəllimləri ilə, alimlərlə danışıram və səviyyənin yüksək olduğunu görürəm. Yəni, araşdırmaların səviyyəsi yüksəkdir. Əsas elmlərlə məşğul olmaq baxımından hələ də çətinliklər var. Ancaq “imam-hatip”lər haqqında çox da məlumatlı deyiləm.

– Biz türklər ümumilikdə əvvəlcə öz eqomuzu ön plana çıxarıb, daha sonra alim, sənətkar, siyasətçi və s. olmağa çalışırıq. Siz isə Qərbin getdiyi yoldan getmisiniz, əvvəlcə səssiz-sədasız özünüzü elmdə ən yüksək səviyyədə təsdiq etdiniz.

– Hə… (Gülür – M. Ə.)

– Bundan sonra, məsələn, təhsil sistemi barədə fikirlər yürüdəcəksinizmi və ya siyasi açıqlamalarınız olacaqmı? Nobel mükafatının bəzi laureatları kimi, sizin də dünyanı sarsıdan bəyanatlarınızı görəcəyikmi?

– Siyasi açıqlamaları siyasətçilər verər. Mən elm adamı kimi Türkiyəyə və türk dünyasına çox faydalı ola bilərəm. Biz 500 ildən bəri elmlə məşğul olmadıq, inkişafımız olmadı. Yəni bu, bizim həm özümüzə, həm də bəşəriyyətə borcumuzdur. Mən bu mövzuda davam etmək istəyirəm, bu sahədə örnək olmaq istəyirəm. Sosial-siyasi məsələlərə girmək çətin olur. Ümumilikdə bu səhvə yol verilir, bunu xüsusilə nobelçilər yapır. Hər məsələyə dair fikir bəyan edirlər. Mən o cür etmək istəmirəm. Məsələn, bir az əvvəl siz “imam-hatip” məsələsini soruşdunuz, mən o mövzunu yaxşı bilmədiyimə görə fikir bildirmədim. Ona görə də, siyasi məsələlərə qarışmayacağam. Amma inşallah, Türkiyədə də, türk dünyasında da elmin inkişafı üçün əlimdən gələni edəcəyəm, Azərbaycana, Qırğızıstana, Qazaxıstana gedəcəyəm.

– Onu soruşacaqdım, nə vaxt gedəcəksiniz?

– Hələ bilmirəm, amma gedəcəyəm.

– Oralardan dəvət gözləyəcəksiniz, yoxsa özünüz gedəcəksiniz?

– Söz verirəm ki, gedəcəyəm, çünki oraları görmək istəyirəm. Oralara borcumuz var.

– Türk cümhuriyyətlərindən sizə fərdi müraciət edənlər olsa, tələbəliyə qəbul edərsinizmi?

– Təbii ki, qəbul edərəm. Türkmənistandan bir tələbə qəbul etdim, doktorluq dissertasiyasını müdafiə etdi və Türkmənistana qayıtdı. İndi orada bir institutun direktorudur. Yəni, başqalarını da qəbul edərəm.

– Nobel mükafatınız Türkiyədə elə bir həyəcan yaratdı ki, sizdən əvvəl bunu almış türk tənhalıq içərisində qaldı, sizi  isə hamı bağrına basdı. Türk gəncliyi üçün bir model oldunuz. Bununla bağlı nələr deyə bilərsiniz?

– Mən gedib Orhan Pamukla tanış oldum, axırıncı kitabının çıxmasına görə onu təbrik etdim. Nobel sülh mükafatı və ya ədəbiyyat mükafatı fərdi mükafatdır, insanın şəxsi qabiliyyəti ilə gördüyü işə görə verilir. Ancaq mənim elm sahəsində Nobel mükafatı almağımın ən böyük səbəbi cümhuriyyətin inqilabi dəyişiklikləridir. O olmasaydı, mən ala bilməzdim. O baxımdan ayrı bir məsələ var, yəni cümhuriyyət inqilablarının Türkiyədə – mən indi o biri türk cümhuriyyətlərinə də örnək oluram – elmə verdiyi önəm nəticəsində mən bu mükafatı almışam. Elmin infrastrukturunu inkişaf etdirmək çox mühümdür. O baxımdan mənim aldığım mükafatla ədəbiyyatçıların aldığı mükafat arasında fərq var.

– Türk dünyasına vurğu yapırsınız. Oralardan təklif gəlsə, professor Əziz Sancar mərkəzləri açmaq barədə təklifləri qəbul edərsinizmi?

– O barədə düşünməliyəm. Çünki hal-hazırda Türkiyədə mənim adıma yaradılmış iki mərkəz var: Ankarada və İstanbulda. Ankaradakı mərkəzdə mənim üçün geniş ofis də yaradılıb, hər şey hazırdır, muzey də açıblar. Mənə deyirlər ki, gördüyünüz işləri buraya gətirmək istəyirik. ABŞ-a qayıtdıqdan sonra bu barədə ciddi düşünməliyəm. Yoxsa Azərbaycanda və ya digər türk dövlətlərində mərkəz açılsın, mənim adımı versinlər, lakin mən də gedib heç bir iş görə bilməyim, bu, olmaz. Ona görə yaxşı düşünmək lazımdır. Sizin də dediyiniz kimi, mənim türklük hissiyyatım güclüdür və əlimdən gəldiyi qədər faydalı olmağa çalışacağam.

– Bu qədər çox işinizin arasında vaxt ayırdığınıza görə agentliyimiz adından təşəkkür edirəm. Yaxın vaxtlarda yenidən görüşüb danışmaq üzrə…

– Tanışlığımıza mən də məmnun oldum. Sizin vasitənizlə Azərbaycana salam və sevgilərimi göndərirəm.

Önəmli qeyd: Professor Əziz Sancar ilə görüşməyimizə kömək edən “Aziz Sancar ve Nobelin öyküsü” kitabının müəllifi, “Cumhuriyet” qəzetinin köşə yazarı, hörmətli Orhan Bursalıya təşəkkür edirik. 

Mənbə: apa.az

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.