“Jurnalistika mənə məsuliyyəti, vicdanı, obyektivliyi, anlayışı daha dərindən öyrətdi”

0

Jurnalist işinin nə olduğunu ancaq jurnalistlərin özləri və yaxud bu işi yaxından tanıyanlar bilir. Əgər bu peşəni seçdinsə, qarışıq və gərgin iş qrafikinə və gecə saatlarında belə çəkilişlərə getməyə hazır olmalısan.

Gürcüstanda yaşayan azərbaycanlılara aid məsələləri işıqlandıran ən fəal jurnalistlərdən biri Aynurə Əliyeva peşəsinin çətinlikləri və jurnalistikanın xüsusiyyətləri barədə danışır. Aynurə regionda çalışır və hər bir regional televiziyada olan texniki problemlərlə yanaşı, birdə region əhalisinin mentalitet xüsusiyyətləri ilə bağlı problemlərlə üzləşməli olur.

-Aynurə, neçə vaxtdır ki jurnalist fəaliyyətindəsən? Və hal-hazırda harda işləyirsən? İşin tam olaraq nədən ibarətdir?

-3 ildir ki, televiziyada jurnalist olaraq fəaliyyət göstərirəm. Hal-hazırda Marneuli televiziyasının azərbaycandilli xəbərlər informasiya proqramının müxbiri və aparıcısıyam. İşim çəkilişlərə getmək, reportaj hazırlamaq, studiyaya çıxmaq və tərcümələr etməkdir.

-Jurnalistikaya necə gəldin? Deyə bilərsən mi ki bu sənin sevdiyin və onda özünü komfortlu hiss etdiyin peşədir?

-Məktəb vaxtdan yazmağa həvəsim var idi. Televizyada əvvəl montajçı olaraq çalışırdım. Bir gün Ramilə Əliyeva zəng vurub dedi ki, Borchali.net saytı üçün bir neçə gəncin məqalələr hazırlamasını istəyir. İlk yazdığım məqalənin mövzusu erkən evlilik idi. Çox təcrübəm olmasa da mövzunu hərtərəfli araşdırmışdım. Hətta Marneuli doğum evinə gedib həkimdən də müsahibə almışdım. Beləcə mənim jurnalistika yolum başladı.

Sonra “Gənclərin səsi” jurnalına məqalələr yazdım. Bu sahədə çox təlimlər keçdim. Universiteti bitirəndən sonra isə yenidən Marneuli televiziyasına döndüm – ancaq bu dəfə jurnalist olaraq. Bu peşəni sevirəm. Sujetlər üzərində çalışmaq mənə zövq verir. Televiziya fərqli baxışdır. Trenerlərimdən biri deyirdi ki, sən bu sahədəsənsə başqalarının çiçək gördüyü yerdə sən gözəl kadr görməlisən. Başqalarının uçuq bina gördüyü yerdə sən problemi görməlisən. Doğurdan da elədir.

Jurnalist işləmək sənə ümumiyyətlə həyat və insanlar haqında nələr öyrətdi?

-Jurnalist işləmək məni bir çox talelərlə tanış etdi. Bu sahədə hər növ insana rast gəlirsən. Kimi problemin içindən çıxa bilmir, kimi də komfort yaşam tərzindən özünə məşğuliyyət tapa bilmir. Bəziləri sənə əlindəki mikrofona görə hörmət edir. Bəziləri də sənə ümid yeri kimi baxır. Jurnalistika mənə məsuliyyəti, vicdanı, obyektivliyi, anlayışı daha dərindən öyrətdi. Neçə il əvvəl çaşdığım hadisələr bugün məni çaşdırmır. Jurnalist fəhlə ilə fəhlə, həkimlə həkim, kəndliylə kəndlidir.

-Gələcək planların jurnalistika ilə mi bağlıdır, yoxsa fərqli işlərlə məşğul olmağı mı düşünürsən?

-Hələ ki, bu sahədə davam edirəm. Paralel statistika işinə də baş vururam. İnsanlarla ünsiyyətdə olmağın bir sahəsi də mənim üçün statistik sorğular aparmaqdır. Hərdən tərcümə işləri ilə məşğul oluram. Fotoqraflığa, sənədli filmlərin çəkilişinə həvəsim böyükdür. Gələcəkdə imkan düşsə bu istiqamətdə daha da inkişaf etmək istərdim. Daha ciddi tərcümələr etmək fikrim də var. Deyilənə görə bu məndə yaxşı alınır.

-Çəkilişlər üçün rayonlara, kəndlərə tez-tez getməli olursan hər halda. Regional jurnalistlərlə şəhərdə işləyənlərin işinin əsas fərqi nədir və yaxud regionda işləməyin çətinlikləri nədir?

-Biz Marneuli çərçivəsində fəaliyyət göstəririk. Təbii ki, vacib mövzular olanda digər rayonlara da gedirik. Regional televiziya şəhər televiziyasından kiçik olur. Ancaq regional televiziya jurnalistlərinin sujetlər üzərində daha çox işləmək imkanı var. Şəhər televiziyaları ancaq mərkəzdəki məsələləri işıqlandırırlar. Onların rayona çəkilişə gəlmələri üçün ya kriminal hadisə baş verməlidir, ya partiyalar arasında konflikt düşməlidir ya da kimsə etiraz aksiyası keçirməlidir. Digər mövzular onları maraqlandırmır. Hər hansı regional jurnalist daha çox əhalinin acısından, problemindən xəbərdardır nəinki şəhərdə çalışan jurnalist. Regionda işləməyin çətinliyi odur ki, texniki şərait o qədər də ürəkaçan olmur. Az şəraitdə çox iş görməlisən.

-Xəbər proqramının aparıcısı da olubsan. Səncə bir aparıcı üçün ən gərəkli xüsusiyyətlər nələrdir?

-İndi də xəbər proqramının aparıcısıyam. Aparıcı olaraq ilk növbədə qarşılaşdığın hər növ vəziyyətdən çıxış yolu tapmağı bacarmalısan. Bəzən olur canlı yayımdasan və suflyor xarab olur. Tamaşaçıya studiyada nə baş verdiyi maraqlı deyil. O, səndən xəbər gözləyir və problemi gərək hiss etdirməyəsən. Televiziya elə sahədir ki, gözlənilmədən çox hadisələrlə qarşılaşa bilərsən. Ona görə də hazırlıqlı olmalısan. Özünü ələ almağı bacarmalısan. Hərdən efir rejissorları da aparıcını çaşdırır.

-Çəkişlirlərə getməyi sevirsən mi, yoxsa studiyadan çalışmağa mı üstünlük verirsən?

-Hər ikisinə üstünlük verirəm. İnsanlarla ünsiyyət qurmağı sevirəm. Televiziyada azərbaycanlı əməkdaş təkcə mənəm. Ona görə çəkilişləri də özüm edirəm, sujetləri də özüm hazırlayıram, studiayada da mən çalışıram. Çətin olsa da belə daha maraqlıdır. Özün hazırladığın materialı tamaşaçıya özün də təqdim edirsən. Elə layihələr olub yalnız studiyada çalışmışam. Hərəsinin öz yeri var.

-Gecə saatlarında çəkilişə getməli olursan hərhalda?

-Tez-tez olmasa da getməli oluram. Əvvəllər “Moambe” proqramını tərcümə edirdik. İşimizdən dolayı gecə saatlarında qayıtmalı olurdum. Bir dəfə texniki problemlər yaranmışdı və gecə saat birin yarısında evə qayıtmalı oldum. Səhəri gün işə gedəndə qonşudakı qadın dedi ki, dünən deyəsən çox gec qayıtdın. Mən hər gün işdən qayıdanda pəncərədən məni güdürdü. Valideynlərimdən çox mənim iş saatımı o bilirdi. Xəbərlərdə tez-tez elə hallar olmur. Əsasən seçki ərəfəsində partiyalar arasında konfliktlər axşam saatlarında düşürdü. Elə vaxtlar olub evə gəlmişik və təcili hadisələr baş verib yenidən çəkiliş üçün qayıtmışam. Televiziyanın saatı olmur. Çəkiliş varsa digər işlərini kənara qoyub getməlisən.

-Səncə jurnalistikada qadın olmağın və yaxud kişi olmağın fərqi və üstünlüyü nədir? Yəni kişiyə mi daha asandır bu işlə çalışmaq yoxsa qadına mı?

-Mənə görə bu fərq daşımır. Kişi və ya qadın əsas odur ki, peşəsini sevsin və vicdanla, qərəssiz çalışsın. İstisna rayonlar ola bilər. Məsələn, Marneulidə bəzən çayxanada çəkiliş etməli oluruq. Bu sahədə çalışmağı seçəndə gərək bir çox stereotipləri aşasan. Kişi jurnalist sərbəst çayxanaya daxil olacaq. Ancaq Marneulidə çəkiliş üçün də olsa hansısa xanımı çayxanaya aparmaq çətin məsələdir.

Bir çox xanımlar jurnalistlik həvəsi ilə televiziyaya gəliblər ancaq valideynləri çalışmağa izin verməyib. Yay aylarında Marneulinin Təkəli kəndinə çəkilişə getmişdik. Kənddə bir çayxana var və o da məscidlə yanaşı yerləşir. Çayxanaya və məscidə gedən sakinlər arasında narazılıq yaranmışdı. Bu mövzunu işıqlandırmaq üçün Təkəli kənd çayxanasına getdik və yekunda çox maraqlı reportaj alınmışdı.

-Örnək hesab etdiyin jurnalistlər kimlərdir?

Heç kim. Ümumiyyətlə kiməsə bənzəməyi sevmirəm. Necə varamsa özüməm və bacardığım qədər daha da inkişaf etməyə çalışıram. Hər kəsin öz tərzi və yolu var.

-Çap mediasında (qəzet, jurnallarda) işləyə bilərdin mi, yoxsa sənin üçün televiziya mı daha maraqlıdır?

-Əvvəldə də qeyd etdiyim kimi jurnalistikaya çap medyasından başlamışam. Televiziya fərqlidir. Reportajda xəbərin yarısını sən danışırsan yarısını da görüntülər vasitəsilə tamaşaçıya çatdırırsan. Ancaq çap medyasında sözlərlə hərtərəfli xəbəri oxucuya çatdırmalısan. Mənim üçün hər ikisi maraqlıdır və çalışa bilərəm.

-Jurnalist fəaliyyəti dövründəki kuryozlardan və maraqlı hadisələrdən bir neçəsini danışa bilərsən mi oxucularımıza?

-Çox hadisələr olub. Hətta bəzilərini xatırlamaqda çətinlik çəkirəm. Danışmaqla kuriozlar bitməz. Hər ilin sonunda yeni il ərəfəsində kuriozlardan böyük sujet düzəldirik.

“Tibbi teleməsləhətlər” verlişinin aparıcısı idim. Studiyada həkim qonağım var idi və birdən canlı yayıma bir xanım zəng vurdu. Düşündüm ki, yəqin həkimə sualı var. Xanım Baloğlan Əşrəfovdan bir musiqi verə bilərsinizmi dedi. Gülməmək üçün özümü güclə saxlayırdım. Aradan beş dəqiqə keçmişdi xanım yenə zəng vurdu və üzr istəyib dedi ki, Türkiyədə yaşayırmış və yeni gəldiyi üçün məlumatsız zəng vurub. Yəqin xanım efirdə nə danışırıldığını dinləmədən zəng vurmuşdu.

Şaumianiyə çəkilişə getmişdik. Bir fermer kooperativ yaratmışdı və fəhlələrlə müsahibə aparmalıydıq. Çəkiliş zamanı fəhlələrdən bir xanım dedi – nə durub baxırsız kənardan, gəlin birazda siz toxa vurun. Gürcü jurnalist həmkarımla başladıq fəhlələrlə yanaşı toxa vurmağa. Operatorumuz həmişə xatırlayıb gülür.

“Vətəndaş ol” layihəsində çalışırdm. Verlişin ssenarisini həmişə əvvəlcədən mənə gürcü dilində göndərirdilər və azərbaycan dilinə tərcümə edirdim. Bir dəfə ssenarini çəkiliş olan günün əvvəlki günü axşam göndərdilər. Gecə saat 2-də tərcüməni bitirdim. Səhər saat 10-da çəkilişə getdik. Şifahi danışmaq üçün hazırlaşmağa vaxt qalmamışdı. Ssenariyə əsasən icra hakimiyyətinin qarşısında mətni danışmalı idik. Şifahi bilmirdik deyə həmkarımla qərar verdik ki, kağızları ştativin aşağı hissəsinə yapışdırıb oxuyaq. Mətni yarıya qədər oxumuşduq ki, külək əsməyə başladı və kağızlar icra hakimiyyətinin həyətinə dağıldı. Küçədən keçənlər dayanıb bizə baxırdılar. Kağızları toplasaq da gülməkdən mətni altı dubla yaza bildik.

-Aynurə, burada yüksək (və yaxud rəsmi) vəzifələrdə çalışan azərbaycanlılar necə respodenlərdilər? Müsahibədən boyun qaçırırlar yoxsa bu barədə çətinliklərin olmur mu?

-Marneulidə vəzifədə çalışanlar müsahibədən heç vaxt boyun qaçırmırlar. Aralarında nitq baxımından yaxşı müsahib olanlar da var. Ancaq çoxusu əvvəlcədən mövzu ilə dərindən tanış olub sonra danışmağı tərcih edir. Nadir hallarda imtina edənlər olur. Onlara da vəzifəni tutub müsahibədən boyun qaçırmağın qanun çərçivəsinə sığmadığını xatırlatdıqda hər şey qaydasına düşür.

-Sənə təzyiq edənlər və yaxud “zakaz”, yəni sifariş syujetləri hazırlatmaq istəyənlər olub mu?

-Təzyiq olmayıb. Bəzən çəkilişdən qayıtdıqdan sonra zəng vururlar ki, deyəsən mən yaxşı müsahibə verməmişəm bəlkə efirə verməyəsiniz. Belə hallarda izah edirik ki, bir tərəfli sujeti işıqlandıra bilmərik. Çalışdığım müddət ərzində hələ xatırlamıram ki, balansı qorumadan hansısa sujeti efirə verək. Bəzən kəndlərdən sakinlər toplaşıb gəlirlər ki, filan problemimiz var onu işıqlandırın.

Hərdən olur ki, uzaq kəndlərdəki problemlərdən məlumatımız az olur. Bir dəfə Ulaşlı kənd sakinləri əlaqə saxladılar ki, suvarma suyumuz gəlmir. Çəkiliş nəticəsində yerli hakimiyyətə bu problemini biz çatdırdıq. Sonra sakinlərdən bir neçəsini görəndə soruşdum və dedilər ki, problemimiz həll olundu. Yalnız belə hallarda sifarişlə çəkiliş edirik. Çox hallar olub kimsə birbaşa televiziyaya gəlib deyib mənim problemim var və işıqlandırılmasını istəyirəm. Problemlərlə bağlı sifarişlər sakinlər tərəfindən həmişə olur. Bizdə reportaj balanslı, iki tərəfin də müsahibəsi olmadan efirə verilmir.

-Aynurə, ümmumiyyətlə xalqımız, yəni regionların əhalisinin televiziya, xüsusi ilə də regional kanallara münasibəti necədir? Bilirsən bir neçə il bundan əvvəl biz də Gürcüstanın İctimai Televiziyası olaraq regionlara gedirdik çəkilişlərə və çox zaman qadınlar müsahibə verməkdən imtina edirdilər, onları adəta zorla razı edirdiq intervyu verməyə, bəs indi vəziyyət necədir? İnsanlar kameraya artıq öyrəşdilər mi? Bu barədə çətinliklərin olurmu?

-Münasibət normaldır. Çəkilişə gedəndə televiziyadan çox jurnalistlə maraqlanırlar. Kimsən, haralısan, kimlərdənsən, evlisən ya subaysan və.s. Əvvəlki vəziyyətlə müqayisədə fərq var. Mənim azərbaycanlılardan müsahibə almaq problemim çox az olur. Azərbaycanlıları müsahibə verməyə razı salmaq daha asandır nəinki gürcüləri. Rayonda küçədə sorğu aparanda beş nəfər azərbaycanlıdan müsahibə alanda bir nəfər gürcünü danışdıra bilmirsən. Kameradan qaçan respodentlər hələ də çoxdur. Əsasən kəndlərdən olan qadınlar bəzən müsahibə verməkdən çəkinirlər.

Bir dəfə bazar ərazisində sorğu aparırdıq. Müsahibə üçün bir xanıma yaxınlaşdım. Mənə dedi üç oğlum var məni televizorda görsələr evdə mübahisə düşər. İnsanlarda hələ də kompleks var. Televizorda görsənməyə ayıb kimi baxırlar.

-Səni ən son şoka salan və yaxud tədirgin edən rayonda baş vermiş hadisə hansı idi?

-Son zamanlar ardıcıllıqla Marneulidə adamöldürmə faktları baş verdi. Tamarisi kəndində acınacaqlı tərzdə qətlə yetirilən 17 yaşlı qızın ölümü bütün televiziya işçilərimizi tədirgin etmişdi. Eyni zamanda Sabirkənddə vaqonda yaşayan Abbasovlar ailəsinin taleyi də mənə təsir etmişdi. Onlara çəkilişə gedəndə operatorla mən vaqondan düzəldilmiş otağa güclə yerləşirdik. O şəraitdə onların üç övladı böyüyür. Çəkilişin səhəri gün onları Marneuli sosial agentliyin idarəsinə aparmışdım. Birlikdə ərizə verdik və bugün həmin ailə sosial yardım alır. Hər çəkilişin özünəməxsus təsiri olur. Eyni vəziyyətdə yaşayan bir çox ailələrin vəziyyətini işıqlandırmışıq. Qızılhaclı kəndində yaşayan Qocayevlər ailəsi də var ki, üç övladının da fiziki imkanları məhduddur. Reportajın yayımlanmasından sonra Qocayevlər ailəsinə davamlı yardım göstərən insanlar da tanıyıram. Məni ən çox bu sevindirir ki, kiməsə köməyimiz dəyir. Bu peşəni mənə sevdirən cəhətlərdən biri və ən əsası da budur.

-Aynurə, əhalimizin, yəni soydaşlarımızın xasiyyətini, mentalitetini düşüncələrini dəyişdirmək imkanın olsaydı, ilk növbədə nələri dəyişdirərdin?

-İlk növbədə soydaşlarımızın maraq sahəsini dəyişdirərdim. Birazda qadağa və müdaxilələrini aradan qaldırardım. Birdə hüquqlarına qarşı tələbkar olmalarını istərdim. Çəkilişə gedirsən kəndin problemidir amma bəzən heç kim problemi kameraya danışmaq istəmir. Səbəbi soruşursan deyir başımı niyə ağrıdıram. Qorxu faktoru rayonumuzun əhalisinin beynində dərin yer tutub. Öz haqlarını belə tələb etməkdən çəkinirlər. Maraq sahələri qonşunun həyatından ibarətdir. Qonşunun həyat tərzini müzakirə etdiklərinə öz övladlarının təhsilinin qayğısına qalsalar daha yaxşı olar. Valideynlərin cehizə xərclədiyi qədər pulu təhsilə də xərcləmələrini istərdim. Ailələr hələ də övladın peşə seçiminə müdaxilə edir. Televiziyada həvəslə çalışmaq istəyən bir xanım var idi.Atası izin vermədi ki, mənim qızım televizoramı çıxacaq. Dəyişdiriləsi o qədər düşüncə var yetər ki, əlimizdə imkan olsun.

Emma Bayramova

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.