Gürcüstanda parlament seçkilərinə qatılan ilk azərbaycanlı alim

0

Professor Fərman Ceyranlı: “Birbaşa Gürcüstan üçün çalışmağı hədəf seçmişik”

“Gürcüstanda son 25 ildə çox hakimiyyətlər dəyişib. Təəssüflər olsun ki, tibb və səhiyyə sahəsində mövcud qanunların heç biri dəyişməyib”

Tibb elmləri doktoru, professor Fərman Ceyranlı Gürcüstan tarixində deputatlığa namizədliyini irəli sürən ilk azərbaycanlı alimdir. Ali təhsilini Nəriman Nərimanov adına Dövlət Tibb Universitetində alıb. Daha sonra isə 12 il Moskvada dünya şöhrətli tibb ocağı kimi tanınan İ. M. Seçenov adına Tibb Akademiyasında fəaliyyət göstərib. Bu illər ərzində uğurlu elmi işlərini davam etdirmiş, elmlər namizədi və doktorluq işini yüksək səviyyədə müdafiə edərək alimlik dərəcəsini almışdır. Bununla yanaşı, altı elmi ixtiranın, iki dərslik vəsaitinin və iki yüzdən çox elmi məqalənin müəllifidir. Bu gün dünyada tibb sahəsində dərc olunan elmi jurnallarda əsərləri çap olunan yeganə azərbaycanlı alim kimi tanınmışdır. ABŞ-ın Texas ştatındakı Hyuston şəhərinin dünyada çox məşhur olan Tibb Akademiyasında bir zamanlar təcrübə keçmişdir.
Fərman Ceyranlı hazırda bütün Qafqazda ən böyük tibbi klinika kimi tanınan “Lanset” Klinik Xəstəxanasının baş həkimi kimi də şöhrət qazanmışdır. Həkim, cərrah və alim kimi ötən 36 il müddətində minlərlə müxtəlif cərrahi əməliyyatlar aparıb. Tibb sahəsində daim gənclərə önəm verməsi isə onun rəhbərliyi altında yetişən və alimlik dərəcəsi alan onlarla mütəxəssisi örnək göstərmək olar.
Fərman Ceyranlının bioqrafiyasında yer alan dəyərli məsələlərdən biri də Azərbaycanın dövlət müstəqilliyi əldə etdikdən sonra Bakıya köçərək burada səmərli fəaliyyəti, bir sıra elmi uğurlarıdır. Bakıda çalışdığı dönəmdə Mustafa Topçubaşov adına Respublika Elmi Cərrahi Mərkəzinin direktor müavini və sonra isə direktoru vəzifələrində çalışıb. Bu strateji həm də vəzifə elmi və cərrahi sahəni birləşdirir. Professor, elmlər doktoru Fərman Ceyranlı uzun müddət Azərbaycanın Baş Cərrahı statusunu daşıyıb. Azərbaycanda ilk özəl sektorda “Lanset” Klinikasının təsisçisi kimi də şöhrət qazanıb. Keçmiş Sovetlər Birliyi zamanı 32 yaşında Moskva kimi nəhəng elmi mərkəzdə elmlər doktoru titulunu almaq ancaq Fərman Ceyranlıya nəsib olub.
İndi Fərman bəy doğma Gürcüstanın başkəndi Tiflisdə təsisçisi olduğu “Lanset” Klinik Xəstəxanasının baş həkimi kimi elmi təcrübələri əsasında peşəsini davam etdirir. Onun parlament seçkilərinə qatılması üçün atdığı addımlar çoxlarının təəccübünə səbəb oldu. Ona görə də Fərman bəylə görüşüb, fikirlərini öyrənməyə çalışdıq.

– Fərman bəy, siz məşhur həkim və cərrah kimi bütün Qafqazda tanınırsınız. Qəflətən siyasi və ictimai proseslərə və parlament seçkilərinə qoşulmağınızın səbəbi nədir?
– Mənim 8 oktyabrda Gürcüstan parlamentinə seçkilərə qatılmağımın iki başlıca səbəbi var. 36 ildir işlədiyim tibb sahəsində əldə etdiyim zəngin təcrübə və səhiyyə sisteminin bu gün hansı yüksək dəyərlərlə inkişaf etdirilməsinin hüquqi və qanunvericilik sistemi əsasında yollarını ortaya qoymaq gərəkdir. Bu gün baxıb görürəm ki, tibb sahəsində bir çox qanunlar köhnəlib. Müasir dövrün tələblərinin heç birinə cavab vermir. Əksinə, bu qanunlar yeniliyə qarşıdır. Qürur duyduğum vətənim, yəni Gürcüstanda son 25 ildə çox iqtidarlar və hakimiyyətlər dəyişib. Təəssüflər olsun, tibb və səhiyyə sahəsində mövcud qanunların heç biri dəyişməyib. Gürcüstan demokratik bir ölkə olduğu üçün burada hər şeyi qanunlar idarə edir. Ancaq, mütəxəssis olduğum sahədəki qanunların dəyişməsi üçün spesifik mütəxəssislərə ehtiyac vardır. Hal-hazırda tibb və səhiyyə sahəsindəki qanunların əksəriyyəti keçmiş Sovetlər Birliyi dönəmindən qalıb və bu gün yaşadığımız 2016-cı ilin standartları ilə heç bir uyğunluğu yoxdur. Deputat seçilməklə hesab edirəm ki, Gürcüstan dövlətinə bu istiqamətdə illər boyu əldə etdiyim təcrübəm sayəsində çox böyük tövhələrimi verə bilərəm. Gürcüstanın vətəndaşı olan hər kəs dövlət quruculuğu yönündə dinamik şəkildə iştirak etməlidir.

– Bəs ikinci şərt hansıdır?
– Gürcüstanda yaşayan soydaşlarımızın, eloğlularımızın Gürcüstanın dövlət quruculuğu məsələlərində “milli azlıq” statusu ilə barışmasını qəbul etməməyimdir. Bizlər bu dövlətin bərabərhüquqlu vətəndaşlarıyıq. Gürcüstanın ictimai, sosial və siyasi proseslərində fəal şəkildə iştirak etməliyik. Hər birimiz bu ölkənin vətəndaşı kimi güclü, demokratik və inkişaf edən Gürcüstan uğrunda çalışmalıyıq. Heç bir zaman ictimai proseslərdən təcrid olunmuş durumu qəbul etməməliyik. Gürcü cəmiyyətinə gedilən inteqrasiyanın təməl prinsiplərinə əməl etməklə, dövlət quruculuğunda bizlərin fəal iştirakımız başlıca vacib şərtlərdən biridir. Hal-hazırda Gürcüstanda əhalinin etnik tərkibinə görə qardaş gürcü xalqından sonra biz azərbaycanlılar ikinci yeri tuturuq. Ancaq, çox təəssüflər olsun ki, cəmiyyətdə sosial və ictimai proseslərdə iştirak əmsalımız çox aşağıdır. Sanki ölkənin inkişafı üçün hər şeydən təcrid olunmuşuq. Bu məsələdə əsas günahkar elə özümüzük. Gürcüstan hökumətindən kimsənin bu məsələdə inciməyə haqqı yoxdur. Vətənimiz bu gün özünün demokratik dəyərləri ilə keçmiş Sovetlər Birliyi məkanı üçün möhtəşəm bir örnək sayılır. Biz gürcü xalqı ilə çiyin-çiyinə bu dövlətin qorunması və inkişafı üçün əlimizdən gələni etməyə borcluyuq. Mən bir alim və mütəxəssis kimi yaxın dostlarım olan gürcülərin kəndlərində tez-tez oluram. Etiraf edim ki, gürcü kəndlərində yaşayan insanlar özlərini XXI yüzilin insanı kimi hiss edirlər. Bu məsələdə çox haqlıdırlar. Ancaq biz azərbaycanlıların kəndlərində isə elə bil ki, hələ də ötən əsrin yetmişinci illərindəki durğunluq dönəminin “Leonid Brejnev epoxası”nın ruhu yaşanılır. Gürcülər bir xalq kimi hətta adi kənd yerində belə XXI yüzilin standartlarını öz həyat normasına çeviriblər. Məncə, bizim soydaşlarımızın yaşadıqları bölgələrdə də zamanın ruhunun, onun ritminin dinamizminin gündəmə gətirilməsinin gec də olsa, əsil zamanı çatmışdır. Kvemo-Kartli (Borçalı) bölgəsində soydaşlarımızın yaşadıqları kəndlərdə elə insanalara rast gəlirsən ki, sanki həyat onların simasında dondurulub. Onların fikrincə, bizləri hələ də çoxdan ölüb getmiş Leonid İliç Brejnev idarə edir. Gürcüstanın indiki prezidentinin, baş nazirinin, digər dövlət məmurlarının adlarını belə bilmirlər. Bütün bunları görərək şüurlu şəkildə parlament seçkilərinə qatılmaq qərarımı verdim.

– Parlamentə deputat seçilməklə qeyd etdiyiniz problemlərin həll edilməsinə nail ola biləcəksinizmi?
– Əlbəttə, bütün bunlara varlığımla inanıram. Mənim məqsədim xalqımızın bu ölkənin vətəndaşı kimi yerli qanunları mükəmməl şəkildə bilmələrinə nail olmaqdır. Bununla yanaşı, soydaşlarımızın gürcü dilinin dövlət dili olmasına ən yüksək səviyyədə etimad göstərməsi və bu dilin sayəsində dövlət quruculuğunda yaxından iştirak etməsinə dəstək verməkdir. Bizim soydaşlarımız bütün günü Azərbaycanın TV kanallarını seyr edirlər. Beləliklə də Gürcüstanla bağlı rəsmi xəbərləri bu TV kanallardan alırlar. Bu, tamamilə yalnış bir yanaşmadır. Halbuki, Azərbaycanın TV kanallarında Gürcüstanla bağlı gedən informasiyaların çoxu Tiflisdəki KİV-lərin yayınlarından tamamilə fərqlənir. Elə buna görə də soydaşlarımız şüuraltı psixoloji baxımdan özlərini daim Azərbaycanda olduğu kimi hiss edirlər. Bu cür yanaşma tərzini tamamilə dəyişdirmək gərəkdir. Onlar bilməlidirlər ki, müstəqil və demokratik Gürcüstan dövlətinin vətəndaşlarıdırlar. Bakı TV kanallarını bütün günü izləməklə öz tarixi vətənlərini belə unudurlar. Azərbaycandakı alternativsiz TV məkanı ilə Gürcüstanın TV məkanı tamamilə fərqlidir. Bütün bunlarla yanaşı, soydaşlarımızın ən böyük bədbəxliklərindən biri də internet resurslarından adicə kəndə yerlərində zəif şəkildə istifadə etməsidir.

Gürcüstan KİV-lərində durum tamamilə fərqlidir. Çoxlu alternativlər mövcuddur. Bunu istərsə qəzetlərdə, istərsə TV kanalların simasında görmək heç də çətin deyil. Gürcüstanın KİV-lərində səxavətlə alternativ fikir və ideyalara önəm verilir. Beləliklə gürcü cəmiyyəti həqiqətin harada və necə olduğunu çox yaxşı dərk edir. Çünki, vətəndaş azından efir məkanında 4-5 nəfər mütəxəssisin fikrini dinləyərək ən düzgün qərarını verməkdə problemlərlə qarşılaşmır. Axı AzTV-nin kanalından heç Azərbaycanın özündə belə, əhali hər hansı bir gerçəkliyi öyrənməkdə çətinliklə üzləşir. Bu həqiqəti görmək və dəyərləndirmək ən vacib məsələlərdən biridir.

– Siz hansı siyasi partiyanın namizədisiniz?
– Təmsil olunduğum partiya demokratiyaya və insan haqlarına daim sadiq olan, ölkənin dinamik şəkildə inkişafı üçün böyük təcrübəyə malik olan insanlardan ibarətdir. Bizim partiyanın adı “Vahid Gürcüstan”dır. Mən bu partiyanın Siyasi Şurasının üzvüyəm. Gürcüstan siyasi partiyalarının tarixində ilk azərbaycanlı mütəxəssisəm ki, belə bir qurumda yüksək səviyyədə təmsil olunuram. Partiyamızın lideri ölkə parlamentinin maliyyə komitəsinin sədri, millət vəkili Tamazi Meçiauridir. O, öncələr “Gürcü Diləyi” hərəkatının təsisçilərindən biri olub. Ölkənin bu günkü iqtisadi və sosial həyat tərzinin inkişafı yönündə qanunvericlik baxımından böyük xidmətləri olan siyasətçidir. Mənim Bolnisi rayonu üzrə deputatlığa namizədliyim məhz bu partiya tərəfindən irəli sürülüb.

– Niyə məhz bu partiyanı seçdiniz?
– Adından da göründüyü kimi, bizim partiya Gürcüstan dövlətinin ərazi bütövlüyünün qatı tərəfdarıdır. Belə bir yanaşım partiyanın strateji prioriteti sayılır. Bildiyiniz kimi Abxaziya və Güney Osetiya kimi etnik separatizmin sayəsində Gürcüstanın ərazi bütövlüyünə sui-qəsd prosesi bu gün də davam edir. İndi gürcü xalqının təfəkkür tərzində “occupation”, yəni işğalçılıq siyasətinə dərin nifrət vardır. Çünki, harada işğalçılıq siyasəti varsa, orada milyonlarla insanların fəlakətli həyat tərzi, ağır sosial böhranlar yaşanılır. Partiyamızın da ali məqsədi budur ki, ölkənin ərazisi vahid olsun, burada yaşayan bütün xalqlar birlik və bərabərlik içində yaşasınlar. Bizim fikrimizcə, bu problem öz həlli tapmalıdır. 23 ildir işğal altında olan ərazilərin yoxluğu Gürcüstan dövlətinin ərazi bütünlüyünə qarşı böyük bir təcavüzdür. Təəssüflər olsun ki, etnik münaqişələr adı altında süni şəkildə bu məsələ dondurulub. Bütün bunlara son qoyulmalıdır. Ərazi bütövlüyü bərpa olunmalıdır. Başqa bir yandan bu gün Gürcüstanda bütün siyasi partiyalar iki qrupa bölünüblər:

1. Avropa Birliyi və bu birliyə can atanlar,
2. Rusiya və MDB tərəfdarları.

Bizim partiyamız isə yeganə siyasi güc mərkəzidir ki, nə Rusiya, nə də Qərb yönlüyük. Birbaşa Gürcüstan üçün çalışmağı hədəf seçmişik. Beynəlxalq blokların heç birinə qoşulmağın tərəfdarı deyilik. İstənilən ölkə ilə Gürcüstanın milli maraqları çərçivəsində ikitərəfli əməkdaşlığın tərəfdarıyıq. Biz daha çox İsveçrə dövlətinin modelinin tərəfdarı kimi çıxış edirik. Dünyanın ən zəngin ölkəsi statusuna sahib olmaqla yanaşı, İsveçrə heç bir blokda iştirak etmir. Bununla yanaşı, İsveçrə kimi ölkəni cəmi 8 nəfər idarə edir. Onlardan biri ölkənin kansleri, digərləri isə nazirlərdirlər.

Mənbə: Hüriyyət

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.