Fərman Ceyranlı: “Yaxşı cərrahın mötəbər məktəbi, güclü iradəsi və əl qabiliyyəti olmalıdır” – MÜSAHİBƏ

0

Sizləri tibb elmləri doktoru, professor Fərman Ceyranlı ilə tanış etmək istəyirik. Əslində onu bir cərrah kimi demək olar ki, bütün dünya tanıyır. Rusiyada, Azərbaycanda və Gürcüstanda onun xilas etdiyi insanların sayının həddi-hüdudu yoxdur. Bu gün məhşur cərrah olan Fərman Ceyranlı ilk təhsilini Gürcüstanda, Yor-Muğanlı kənd orta məktəbində alıb. Orta məktəbi bitirdinkdən sonra Azərbaycan Respublikasının Nəriman Nərimənov adına Tibb İnstitutuna, müalicə-profilaktika fakültəsinə qəbul olub. 1980-ci  ildə oranı bitirdikdən sonra, Tbilisidə, 1 nömrəli Klinik Şəhər Xəstəxanasında bir il internatura keçib. Ondan sonraki fəaliyyəti Rusiyada, Moskva şəhərində Mixail Seçenov adına Tibb Akademiyasında olub. On iki il bu müəssisədə çalışıb. Əvvəlcə laborant, sonradan  kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, daha sonra isə şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. İşlədiyi müəssisə Tibb Akademiyasının Cərrahi Xəstəliklər Kafedrası olub. Fərman Ceyranlı əvvəlcə elmlər namizədi dissertasiyasını, 1990-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edərək, o dövrdə 32 yaşında cərrahiyyə üzrə ən gənc doktorlardan biri olub.  Cərrah Fərman Ceyranlı adı çəkilən tibb müəssisəsində təkcə elmlə məşğul olmayaraq, eyni zamanda intensiv şəkildə praktik cərrahi fəaliyyətlə məşğul olub. Bütün bu işlərlə bərabər Fərman ceyranlının 200-dən artıq məqaləsi, 6 ixtirası, 2 monoqrafiyası var. Səkkiz nəfər tibb elmləri namizədi və doktorları yetişdirib, çox saylı tələbələri var.

Müəllif: Nərmin Hüseynova

10960032_342725549262095_7810316650709660083_o– Fərman Ceyranlı üçün Moskvada çalışmaq çətinmi idi? Azərbaycana nə vaxt qayıtdınız?

 İşini sevən və işinin peşəkarı olan insan üçün harda işləməsinin fərqi yoxdur. Moskvada işlədiyim dövrdə tez-tez növbələrdə qalmışam  məsul növbətçi olaraq. Moskva miqyasında o vaxt hər adamı məsul növbətçi təyin etmirdilər, bundan ötrü xüsusi standartlar mövcud idi. 1992-ci ildən köçmüşəm Azərbaycana, orda Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi vəzifəsində çalışmışam. Bu bir başa səhiyyə nazirinə tabe olan vəzifədir və elmi işlər üzrə səhiyyə nazirinin müavini vəzifəsi mənasına gəlir. Bundan sonra mən, o dövrdə Azərbaycanda ən böyük institutlardan biri olan, Mustafa Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzində əvvəlcə direktor müavini, bir ildən sonra isə direktor vəzifəsində 7 ərzində çalışmışam. Eyni zamanda Respublikanın baş cərrahı olmuşam. İşlədiyim müddət ərzində çoxlu xarici səfərlərim, elmi ezamiyyətlər olub. Onların içərisində ən maraqlı olanlardan biri  ABŞ-ın Texas ştatının Hyuston şəhərində, Beylor Kollecində çalışmam olub.  

– Hazırda Tbilisidə, LANCET Tibb Mərkəzi fəaliyyət göstərir. Bu sizin böyük layihələrinizdən biridir. Tibb sahəsində ilk özəl layihənizdir?

– Azərbaycanda tibb sahəsində özəl fəaliyyətə icazə verilən andan ilk klinikalardan birinin yaradıcılarındanam. Bakı şəhərində bizim 10 ildən artıqdır ki, çox uğurla fəaliyyət göstərən “Lancet Cərrahlıq Klinikası” adında xəstəxanamız var. Nəhayət gördüyünüz bu klinikanı həmin işin davamı kimi Gürcüstanda yaratmışam. Amma daha da böyüyünü. Bu layihə mənim 36 illik təcrübəmin məntiqi nəticəsidir. Bu illərdə mənimsədiyim, öyrəndiyim, gördüyüm yaxşı nələr varsa hamsı özünü bu mərkəzdə cəmləşdirib. Bu klinika tək Gürcüstan üçün nəzərdə tutulmayıb. Biz regional mərkəz kimi fəaliyyət göstəririk. Bütün qonşu dövlətlərdən, Azərbaycandan, Ermənistandan, Şimali Qafqazdan, Rusiyadan, Orta Asiyadan xəstələr müraciət edirlər, müayinə edilirlər, müalicə alırlar və lazimi cərrahi əməliyyatlar olunurlar. Hazırda Gürcüstanın bölgələrində klinikamizın filiallarını yaratmağa başlamışıq. İlk filialımız sentyabr ayında Yormuğanlı kəndində açılacaq. Eyni layihələr Marneuli, Qardabani, Bolnisi və Dmanisi də nəzərdə tutulub.

– Tbilisi LANCET Tibb Mərkəzinin əsas özəllikləri nədir?

– Bu gün biz bütün cərrahi sahəni əhatə edirik, orqan köçürmə əməliyyatlarından tutmuş, beyin, ürək, damar, qarın böşluğu, döş boşluğu cərrahiyyəsi, travmatologiya, ortopediya, urologiya, qinekologiya, oftalmologiya, larinqologiya, və cərrahiyyənin bütün sahələri bir klinikada təmsil olunur. Bu da xəstələr üçün rahat mühit yaradır. Ona görə ki, adamda bir xəstəlik olmur. Bir xəstəlik olanda başqa orqanlarda da dəyişiklik baş verir. Bizdə isə bir xəstənin müxtəlif yerlərə getməsinə ehtiyac qalmır. Digər tərəfdən təcili yardımla xəstə qəbul olarkən orada kombinasiya edilmiş travmalar alır xəstələr. Bu zaman nə başqa ixtisaslı həkimlərin dəvət edilməsinə ehtiyac qalır, nə də xəstəni başqa yerlərə aparmağa. Həmçinin, vaxt da əhəmiyyətlidir. Xəstə nə qədər tez əməliyyat olunarsa, nəticə daha yaxşı olur. Bunun üçün bizim klinikanın dam hissəsində helikopter meydanı var. Hətta NATO və Gürcüstan hərbi qüvvələri müştərək təlimlər keçərkən bizim binanın damındakı aviyasiya meydançasından istifadə edirlər

 Bu qədər yaxşı imkanlar varkən, Gürcüstan vətəndaşları arasında hələ də Türkiyəyə müraciət edənlər var, buna səbəb nədir?

  Artıq Türkiyə vətəndaşları bura gəlir. Mən sizə faktlar da göstərə bilərəm, həm şəratimiz onlarınkından daha da üstündür. Eyni zamanda  qiymətlər bura baxanda orada çox bahadır. Bütün bu faktorlar nəzərə alınaraq, onu demək olar ki, bizim klinika yaranana qədər pasientlərin xaricə üz tutması halları daha çox olurdu. İndi xaricdən gələn xəstələrin sayı dinamıkada artır.

– Bu klinikada təlimlər keçirilir, təhsil almaq olur bildiyim qədər. Bu məlumat nə dərəcədə düzgündür?

– Burada rezidentura açılıb, artıq rezidentlər bizdə işləyir, təcrübə toplayırlar. Təlim-tədris işləri bizdə çox uğurla aparılır.

– Miliyyətləri necədir tələbələrin?

– İçərisində etnik azərbaycanlılar da var, gürcülər də. Yəni biz bu istiqamətdə ayrı-seçkilik etmirik. Rezidentura keçmək istəyən tələbələr Səhiyyə Nazirliyi nəzdində test imtahanları verərək bizim klinikaya gəlirlər.

14185_273491919518792_7970421372987908917_n– Siz əvvəllər nəyə əsasən Gürcüstanda deyil, məhz Azərbaycanda təhsil almağa getdiniz?

– Birincisi ona görə Azərbaycana getdim ki, mən məktəbi Azərbaycan dilində bitirdim. Gürcü dilini bilmirdim. Ancaq mənim ürəyim həmişə vətənimizlə, yəni Gürcüstanla döyünüb. Bununda parlaq təsdiqini bax, bu yaratdığımız klinikada görürsünüz. Bura 30 milyondan çox sərmayə qoyulub. Bu məbləği mən harasa yox, məhz anadan olduğum, doğma vətənim Gürcüstana sərmayə etdim. Başqa bir faktoru da nəzərə alsaq ki, bizim burada yarım milyonadək etnik azərbaycanlı yaşayır, bu klinika onlar üçün göydən düşmə birşey oldu. Çünki onların dil baryeri var idi və bu digər problemlər də yaradırdı. Bundan başqa bu günləri eloğlularımız klinikaya sanki bir nümayəndəlikləri kimi müraciət edirlər. Bəzən heç tibbə aid olmayan problemlərini belə həll etməyə çalışırıq. Həmçinin, demək olar ki, klinika açıladan bu günə qədər həftədə bir dəfə, adətən şənbə günləri, bölgələrə gedirik. Məsələn, keçən şənbə günü Qoşa Kilsə kəndində olduq. Belə tədbirlərimiz mütamadi olaraq keçirilir. Müxtəlif sahələrin mütəxəssisləri ilə birgə ultrasəs müayinə aparatı və s. tibbi cihazlarla əhali üçün pulsuz müayinələr edirik. Əhali arasında cərahiyyə əməliyyatı lazım gələn xəstələr olursa, elə ordaca tibbi arayış  “forma100” yazıb veririk.  Sonra gəlirlər, burada əməliyyatlarını da edirik. Bu günlərdə, Faxralı kəndində də olduq. İyunun 16-sında isə Bolnisinin Kəpənəkçi kəndinə səfər edəcəyik. Bu iş bizdə artıq iki ildir ki davam edir.

Mən biraz keçmişə qayıtmaq istəyirəm. Çox adam şagirdlik vaxtlarında tibb sahəsində təhsil almağa qərar verir. Amma məktəbi bitirdikdən sonra çox vaxt fikirlərini dəyişir. Sizdə necə oldu ki, fikrinizi, istiqamətinizi dəyişmədiniz?

– Adamlar var ki, bu və ya digər ixtisası seçərkən, dəbdə olan sahəyə yönəlir. Bu gerçəklikdir. Məsələn tibb, hüquq və s. sahələr daim dəbdə olub. Mən ixtisasımı seçərkən onun dəbdə olmağına görə seçməmişəm. Sadəcə olaraq mənim xarakterimin humanistliyi vadar etdi bu seçimə.  Ümumiyyətlə cərrahiyyə yaxşı əl qabiliyyəti tələb edən bir sahədir. Eyni zamanda mötəbər məktəb keçməlisən və güclü iradəyə malik  olmalısan.  Mən özümə qarşı, hərəkətlərimdə dəqiq olmuşam həmişə. Bunları nəzərə alaraq cərahhiyə məni daha çox cəlb edib. Sonradan da təhsil alarkən mənə artıq aydın oldu ki, elə özümə uyğun sahəni seçmişəm.

–  Bir insanın həyatını xilas etmək necə bir hissdir sizin üçün?

– Siz təsəvvür edin ki, adicə bir bitki belə susuz qalıb quruyanda, insan var ki, onun yanından yan keçir. İnsan var ki, hiss edir ki, buna su vermək lazımdır. Gedir bir qab su gətirib, onun dibinə tökür. Götürək heyvanlara olan münasibəti, orada da eynən. İnsan isə Allahın yaratdığı ən ali nemətdir. İnsana münasibət daha yüksək səviyyədə olmalıdır. Bu olmayan yerdə heç vaxt həkim lazımi səviyyədə peşəkar ola bilməz, bu qeyri mümkündür. Həkimlik sənəti Allahın insana verdiyi ən böyük nemətlərdən biridir. Təsəvvür edin, ölüm ayağında olan bir insana yenidən həyat vermək sənin əllərində olur. Bu çox məsuliyyətli və şərəfli andır. Hər dəfə cərahiyyə otağına daxil olduqda bu məsuliyyəti və şərəfi hiss edirəm. Həyat bəxş etdiyim insanların təbəssümü öz həyatımı uzadır. 

– Bildiyim qədəri ilə, tibb ilk olaraq, yəni ilkin elementləri Şərqdə yaranıb, məsələn İbn Sinanı misal çəkmək olar. Bəs, bu günkü günü nəyə görə tibbdə Qərb daha çox inkişaf edib?

 Bu təkcə tibb aləmində belə olmayıb ki. Hətta riyaziyyat sahəsində, bir çox sahələrdə Şərq daha çox inkişaf etmiş olub. Sonradan Qərb bu şeylərdə daha irəli gedib. Mən belə düşünürəm ki, bir mənalı şəkildə bunun izahını tapıb, cavab vermək çətindir. Hesab edirəm ki, bu bütün dünyada gedən siyasi proseslər, məsələn, Şərq aləmindəki dövlətlərdə olan o anti-demokratik mühit, orda olan o qadağalar və s. inkişafa bir növ mane olub. Tək elimdə deyil ki. Peşəkarlara lazimi qiymətin verilməməsi problemin köklərindən biridir. Düşünəndə demokratiyanın özü də Şərqdən gəlir. Məsələn bir misal gətirim, bu gün dairəvi masa anlamı çox istifadə edilir. Dəyirmi masa ona görə təşkil edilir ki, onun iştirakçıları bərabər hüquqa malik olsunlar. Dəirmi masada isə masanın nə ayağı var, nə də başı.  Özünüz bilirsiniz ki, müsəlmanlar oturub yemək yeyəndə həmişə yerdə, özü də dairə şəkilində oturublar. Yani yemək vaxtı artıq və ya əksik adam adam yoxdur, hamı bərabər hüquqa malikdir. 

– Düz deyirsiniz, ümumiyyətlə Qərbə xas bir haldır ki, bütün sahələri inkişaf etdirir, nizama salır…

– Bəli elədir. Bir yerdəki müəyyən şeylərə qiymət verilib, orda o inkişaf edib. Görəndə ki, ağıla qiymət verilmir, insan ağıla daha çox qiymət verilən yerə gedir. Məsələn Amerikada, yavaş-yavaş yüksək maaşla, yaxşı şəraitlə, yaxşı imtiyazlarla, həmin o peşəkarları, ağıllı adamları, həvəsləndirib, aparıb çəkirlər irəli. Amma fikir versəniz, Qərb ölkələrində eləcə də, Amerikada da, bu sahələrdə xüsusi olaraq fərqlənən, uğurlu olan insanların böyük əksəriyyəti elə Şərgdən ora gələnlərdi. Əslində genetik olaraq bu iş davam edir.

– Ümumiyyətlə Gürcüstan tibb ya digər universitetlərdə tibbi təhsili necə dəyərləndirərdiniz və oranı bitirən etnik azərbaycanlı gənclərin nə kimi imkanları var? Onlara nə məsləhət verərdiniz?

– Mən, Gürcüstanda təhsil sistemində gedən bu prosesləri çox müsbət qiymətləndirirəm. Məzunlar bu gün özlərini ixtisaslı həkim kimi praktikada çox yaxşı göstərirlər. Bundan başqa, biz unutmamalıyıq ki, hələ sovet dövründə Gürcüstandakı xeyli gənclər Avropada, Amerikada təhsil alıblar. Yəni Gürcüstanda məktəb var. Burada, Amerikanın da xətti var, Avropanın da, Rusiyanın da. Ona görə də mən, ümumilikdə Gürcütsanın tibbi təhsil sahəsini yaxşı qiymətləndirirəm. Orta Asiyadır, Ermənistandır, Azərbaycandır, bunları bir kənara qoyuram, artıq Rusiyadan bura xəstələr gəlir. Bu onu göstərir ki, Gürcüstanda bu sistem çox gözəl qurulub və inkişaf da yaxşı gedir. Rusiyadan Gürcüstana xəstələrin gəlməsi çox şeydən xəbər verir.

Bizim azərbaycanlılara gəldikdə isə, bu klinikada elə mərtəbə yoxdur ki, orada bir neçə azərbaycanlı işləməsin. Onlar təhsillərini Gürcüstanda, gürcü dilində alıblar. Bu gün də burada, bizim klinikada çalışırlar. Tibb bacıları da var, həkimlər də. Tibbin bütün sahələrindən insanlar burda çalışır. Gələcəkdə də onların içərisində ağıllı-başlı, bizim standartlara uyğun adamlar olduqca, canla-başla işlə təmin edəcəyik və burda fəaliyyət göstərəcəklər, özümüz də onlara əlimizdən gələn yardımı edəcəyik.  

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.