Elnurə Əliyeva: “Mən bir neçə il əvvəl əsgər olmaq istəyirdim” – MÜSAHİBƏ

0

“Anam bacım qız gəlin,

Əl-ayağı düz gəlin.

Yeddi oğul istərəm,

Bircə dənə qız gəlin”

Gözəl günlərə aid olan və xoş anları xatırladan bu misralar mənim üçün əslində kədər doludur. İçində qızlara qarşı olan sevgisizliyi görürəm. Bəlkə də adətdəndir deyib, buna baş qoşmamaq lazım olduğunu düşünürük amma adətlər şüuraltımızı formalaşdırmırmı?

İxtisasca sosioloq olduğumu bildirərək, daim sosioloji müşahidə aparır və hadisələri sosioloji prizmadan analiz etdiyimi qeyd etməliyəm. Yuxarıdakı misralara və buna oxşar atalar sözləri, adətlərə, qaydalara başqaları biganə yanaşa bilsə də, onların içini “eşələyib”, həqiqəti üzərə çıxarmaq mənim borcumdur.

Atalar sözləri, adətlər, stereotiplər, şeirlər, mahnılar… hamısını biz yaratmışıq amma sonra onlar çevrilib bizi yaradıblar. Və yaratmaqdadırlar… Biz onları o zamana uyğun olaraq zərurətdən irəli gələrək yaratmış ola bilərik amma onlar hələ də bizə lazımdırlarmı?

Qadına olan sevgsizliyi, sıxışdırmanı, hətta şiddəti belə təbliğ edən yuxarıdakı misralar kimi elementlərimiz var. Qadına olan neqativliyi yayan bir çox “şərait” var, məsələn, din, dil, media və s. Bu barədə Fransada təhsil alan və bu sahə ilə maraqlanan Gürcüstanlı tələbəylə, Elnurə Əliyeva ilə geniş söhbət apardıq. Elnurə uzun müddətdir ki, qadınların, əsasən də, Gürcüstanlı qadınların problemlərini, onların yaranma səbəblərini və həlli yolunu araşdırır. Gender məsələsi barədə onun artıq geniş məlumatı var.

Hər hansısa bir mövzuya toxunduqda ilk öncə ona “nə” sualı verilir, yəni “bu nədir”. Gender bərabərliyi haqqında danışırıqsa, problemlərə keçməzdən əvvəl onun “nəyliyi” ilə tanış olaq. Elnurə hüquq təhsili alır və onun buna olan cavabı belədir: “Fransa Respublikasında nəzəri olaraq qadın və kişi hüquqları eqaldır (bərabərdir)”. Lakin, o, qarşılaşdığı bir məqamı da bizim nəzərimizə çatdırır: “Mən bir neçə il əvvəl əsgər olmaq istəyirdim. Silahlı qüvvələr informasiya mərkəzi ilə əlaqə saxladığım zaman xarici vətəndaş qadınları qəbul etmediklərini amma xarici vətəndaş kişiləri qəbul etdiklərini bildirdilər. Buna baxmayaraq, Fransa Respublikasının hüquqları Qadına bir Qadın kimi yaşama imkanı tanıyan yeganə ölkələrdən biridir deyə düşünürəm.”

Yəqin hamınız “qızlar riyaziyyatdan oğlanlardan zəifdirlər” cümləsini eşitmisiniz. Bioloji olaraq doğrudanmı qadınlar kişilərdən geri qalırlar yoxsa bu sadəcə stereotipdirmi? Mümin Sekmanın “Hər şey beyində başlar” kitabından sitat gətirərək kişilərin beyinlərinin qadınların beyinlərindən daha böyük olduğunu deyir Elnurə, lakin, həcmcə böyük olması kişiləri qadınlardan daha ağıllı qılmadığını da əlavə edir: “Bizim əks cins nümayəndələri ilə müqayisə edilməyəcək qədər yeni bir dil öyrənmə və mükəmməl danışıq qabiliyyətimiz vardır. Məsələn, kişilər gün boyu 7000 söz istifadə etdikdə, qadınlarda bu rəqəm 20 000 dir. Kişilər bir dəqiqəyə 125 söz sığışdıra bildikdə, qadınlarda bu rəqəm 250-dir (Qadın beyni-Prof. Dr. Louann Brizendine). Hətta, qız uşaqları ana bətnində oğlan uşaqlarına nisbətən iki dəfə çox ağızlarını açıb yumurlar. (Evlilik Psikolojisi-Nevzat Tarhan) Təəssüflər olsun ki,  biz bu gücümüzü yeni bir xarici dil öyrənməyə sərf edə biləcəyimiz halda başqalarının qeyibliyindən yararlanaraq qeybət qırar şəxsi həyatları və s. müzakirə etməyə sərf edərik…”.

Hər bir məsələyə müxtəlif nöqteyi-nəzərdən, daha dəqiq desək diskursdan yanaşa bilərdik. “Diskurs” terminindən sosiologiyada geniş istifadə olunur. Asan dillə desək, diskurs hadisəyə yanaşma nöqteyi-nəzərimizin dilimizdə əksini tapmasıdır. Məsələn, adam öldürmək hadisəsinə hüquqi diskursdan baxanda bu bir cinayət, dini diskursdan baxdıqda isə “günahdır”. Beləliklə, hadisə qavramı diskurslara görə dəyişir, başqa cür desək, hansı diskursumuzu “işə salarsaq”, hadisə də məhz o diskursdan keçərək ağlımıza qədər gəlib çatır.

Elnurənin gender məsələsinə dini diskursdan yanaşması çox maraqlıdır. Məsələni hər tərəfli araşdırdığından, dini nöqteyi-nəzərdən də zəngin məlumatla seçilir o: “bəzi kişilər qadınlar üzərindəki səlahiyyətlərini yanlış mənimsəyirlər. Təəssüflər olsun ki, sosial varlıq saydıqlarımızın bəzilərinin qadınlara qarşı etdikləri, bioloji varlıq saydığımız yırtıcı heyvanların vəhşicəsinə saldırısı ilə eynidir. Bunlar şübhəsiz ki, Nisa suresinin 34-cü ayəsini ağ səhifədə qara nöqtəyə, stəkanın boş tərəfinə və pəncərədən aşağı qara torpağa baxmağı seçənlər kimi yanaşırlar. İslam dinində qadının yerini bilmək üçün fikrimcə bir cümlə yetərlidir: “Cənnət Anaların ayaqları altındadır!”. Pagan dinlərə nəzər salsaq hinduların müqəddəs saydıqları kitablarında (Vedalar, Upanişatlar, Purnalar, Brahmalar) buyurulur ki, insan və heyvan canı alma monoteist və politeist dini inanclarda olduğu kimi amma hindularda bir Sati ənənəsi vardır ki, hüquqi olaraq qadağan edilsə də hələ də əməl edənlər var. Yoldaşı vəfat etdikdən sonra qadın yandırılır. Təssəvvür edirsən, Hindistanda hinduların bir heyvana yəni “inək”ə verdikləri dəyəri qadına vermirlər.”

Martin Heidegger deyir ki, biz dilin içində yaşayırıq, dil bizim yaşam evimizdir, yəni ətrafda olan bütün hər şeyi sırf dilimizin bizə verdiyi imkanlar daxilində qavrayırıq. Gender məsələsində də dil bizi çərçivəyə salmaqdan əlavə gender bərabərsizliyini “təbliğ edir”. Məsələn, deyirik, “arvad almaq”. Burda aydın şəkildə görünür ki, qadınla evlənilmir, ailə qurulmur,  qadını məhz “alırıq”. Buna oxşar xeyli ifadələr sadalamaq olar. Həmsöhbətim mənimlə razılaşaraq maraqlı əlavələr edir: “Bizdə hər zaman kişi kimi söz verilir, kişi kimi sözünün üstündə durulur. Bizdə sözünə güvəniləcək şəxs kişi, sözünün üstündə dura biləcək şəxs yenə də kişidir. Dahi ideyalarımızın ləyaqətli daşıyıcıları “saçı uzun olanın ağılı qısa olur”​, “qızını döyməyən dizini döyər” deyir. Elnurə fransız dilini də bildiyin üçün bu dildə də oxşar ifadələrə rast gəlib-gəlmədiyini soruşduğumda, o, belə bir atalar sözü ya cümlələrlə qarşılaşmadığını söylədi.

Gender bərabərsizliyi çox vaxt ailə zorakılığı kimi müxtəlif fəlakətlərə gətirib çıxarır. Ailə zorakılığında zərər çəkən tərəfdən əlavə, uşaqlara dəyən ziyan, onların psixoloji vəziyyəti barədə Elnurə bunu bildirir: “Bu gün ailədə şiddətə meyilli bir kişi, keçmişdə savadsız qadının yetişdirdiyi bir uşaq idi. Belə bir uşaq böyüdükdə ailəyə səadət yox, fəlakət olur. Övladın ictimai şüurunun formalaşmasında ananın böyük əhəmiyyəti vardır. İlk təhsil ailədən gəlirsə, uşağın ilk müəllimi anasıdır. Ona ilk jesti bilə anası örgədir. Süddən doymuş uşağın başını sağa-sola çevirərək südə etirazını bildirməsi misali. Gələcəkdə övladının psixoloji dram almadan böyüməsini arzulayan bir qadın zamanında duyqusallıqdan əlavə məntiqli bir qərar verməlidir deyə düşünürəm.

Media gender stereotiplərini yaymaqda digər sosializasiya agentləri ilə yanaşı böyük rol oynayır. Məsələn yuyucu tozun reklamında qadının oynaması paltar yumanı bir başa qadınla əlaqələndirir. Elnurə bu barədə vəziyyəti belə dəyərləndirir “Bu gün qadınların etməsi uyğun olacaq işlərdə belə kişilər öz yerlərini tutub. Yeməkxanada ləzzətli bir yeməyi hazırlayanların əksəriyyəti kişilərdir. Dr. Nevzat Tarhan kitablarının birində yazırdı ki, (kitabın adı yadımda deyil) Türkiyədə doğum evlərinin birində uşaq doğuzduran həkimlərin hamısı kişi idi və o xəstəxanaya bir nəfər qadın həkim almırlar. Səbəb isə doğum üçün gələcək hamilə qadınların qadın həkimi seçə bilmə və kişi həkimlərin işsiz qalma ehtimalıdır. Bu isə kişilərin çox zaman ağılları, qadınların da duyğuları ilə hərəkət etməsinin nəticələrindən biridir.

Elnurə qadınların indiki vəziyyətlərini keçmişdə verdikləri nəticələrə bağlayır. Doğrudan da, “aşımıza tökdüyümüz qarşımıza çıxmırmı?”: “Biz qadınlar çox fədakarıq, sevdikmi təhsilimizi yarım buraxmağa, işləyiriksə işdən ayrılmağa, geyim tərzimizi dəyişdirməyə, çevrəmizdən uzaqlaşmağa hazır oluruq. Biz hələ toy kaseti ilə oğlanın anası tərəfindən bəyənilen seçilen erkən evlilik qurbanlarıyıq. Və o erkən evliliyin erkən sonunda ən çox əziyyət çəkən tərəf də biz oluruq, ən çox fədakarlığı biz etdiyimiz üçün. Ümumiyyətlə qadınlar itaətkardırlar. Ailədə ixtiyar sahibi ata, evləndikdə də həyat yoldaşları olur. Qadınların ixtiyar sahiblərinə olan qorxu və itaətkarlığından, qadınlar iradələrinin əleyhinə qərar verir vəya onların yerinə verilmiş qararları tətbiq edir. Dünyaya gəldikdə bizim dilimizi, irqimizi, ailəmizi, vətənimizi azad iradəmizlə seçmə şansımız yoxdur. Qızlara isə valideynləri bunlarla yanaşı, özlərini dərk etdikdən sonra seçimlər qarşısında seçim etmə imkanı  tanımır. O valideynlərə qarşı, bütün gənc qızlarımıza “Mən daş-qaş, taxt-tac, təmtəraqlı toy-nişan istəmirəm. Mən təhsil almaq istəyirəm!” Deyə bilmə cəsarəti arzulayıram…”.

Başa qayıdıb, yenə dilimizdə olan problemə toxunaraq demək istəyirəm ki, “mən ərə gedəcəm” yerinə, “mən evlənəcəm” cümləsini işlətsək, özümüz də bilmədən, məsələnin 50%-ni həll etmiş, yəni şüuraltımızı çirkin, istifadə müddəti keçmiş ifadələrlə çirkləndirməmiş olarıq.

Müəllif: Nərmin Hüseynova

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.