Afayət Afiq: “Mən ədəbiyyatda irəliləmək istəyirəm…” – MÜSAHİBƏ

0

Hər dəfə Gürcüstan kəndlərində yaşayan etnik azərbaycanlıları xatırlayanda, onların şəraitlərinin və imkanlarının digər, məsələn, şəhərdə yaşayan digər vətəndaşlardan bir qədər az olduğunu anlayanda, istədiyimiz şəraitdə, ölkədə, imkanlarda doğulmağımızın əslində bizim əlimizdə olmadığından bir daha əmin oluram. Hamı istəyər ki, bütün arzularını yerinə yetirmək üçün lazımi maddi vəziyyəti, fiziki imkanları ya xarici şəraitləri olsun amma, təəssüf ki, bütün insanlar həyata eyni səviyyədən başlaya bilmir.

Amma mən azdan çoxdan hərşeydə çarə tapan/görən adam kimi əksər vəziyyətlərdə əslində sadəcə bircə “zənginliyə” – istəyə – malik olmağımızın yetərli olduğunu düşünürəm. Lakin, bu istək xəyal qurmaq deyil, xəyala getməkdir, ona tərəf əməlli-başlı addımlamaq, yerimək, oturmamaq, dayanmamaqdır.

Gürcüstanda yaşayıb gürcü dilini bilməmək, fikrimcə, ən başlıca bariyerlərdən biridir, çünki bir cəmiyyətə atdığın ilk addım onunla tanış olmaqdır, tanış olmaq isə fikir mübadiləsi ilə baş tutur, dili bilmədikdə isə buna nail ola bilmirik.

Afayət Əliyeva universitetə qədər Gürcüstanda gürcü dilini bilməyən bir vətəndaş kimi yaşayıb, buna səbəb isə regionda yaşaması və dil öyrənmək imkanlarının əlçatmaz olması olub. O, bu gün gürcü dilini azərbaycan dilindən mətnlər tərcümə edəcək qədər yaxşı bilir. Afayət İSTƏDİ! O, bu istəyi və əzmi, özünün keçmişi və indisi barədə bizimlə söhbətdə daha geniş məlumat verir.

Nərmin Hüseynov

12301654_423574104508927_5362672881799692296_n

– Afayət Əliyeva kimdir?

– Çətin sualla başladın. Mən Afayəti təqdim etməkdə hər zaman çətinlik çəkirəm. O da hər zaman inciyir. Bəli, biraz gülməli səslənsə də belədir. Bu qız haqqında doğru – düzgün danışa bilmirəm. Qısaca deyim, 24 yaşım var. Təhsilimi gürcü filologiyası üzrə almışam, ancaq  hal-hazırda jurnalist kimi çalışıram. Fəal insan olduğum deyilir, lakin bəzən çox passiv də ola bilirəm. “Fəal” və “Passiv” sözlərində isə mümkün olan hər mənanı və sahəni nəzərdə tutdum.

– Əgər sənin üçün “başqa” deyə bir anlayış varsa, sənin üçün başqa dövlətdə başqa millətin nümayəndəsi olaraq yaşamaq nə deməkdir?

– “Başqa” deyə bir anlayış hər zaman, hər yerdə var deyə düşünürəm. Bəlkə də, bu sözü “yad” sözü ilə ifadə etsək daha rahat olar. Yadlıq isə insanın həm güclülüyünün, həm də zəifliyinin xəbərçisi ola bilər. Yəqin mənimlə razılaşarsan, yad qala bilmək dözüm, güc və insan xarakterində nəsə hər kəsdə olmayan bir fərqlilik, özəllik tələb edir. Bu gücdür. Və eyni zamanda yadlıqdan qurtula bilməmək isə zəiflikdir. Sualının ikinci qisminə gəlincə, mən heç zaman başqa dövlətdə olduğumu düşünməmişəm.Bu dövlətdə hər şeydən əvvəl elə elə dövlətin özünün nümayəndəsiyəm.

– Bildiyim qədəriylə, orta məktəbdə gürcü dilini indi bildiyin kimi bilmirdin. Dil öyrənməkdə ordan burakeçdiyin yol necə idi?

– İndiyi bildiyim kimi yox, orta məktəbdə gürcü dilini ümumiyyətlə bilmirdim. Səbəb isə müxtəlif idi. Bunlardan iki başlıca səbəbi səninlə bölüşə bilərəm. Məktəbdə gürcü dilinin tədrisi olduqca aşağı səviyyədə idi. İkincisi isə, mənim Gürcüstanda oxumaq kimi bir arzum da yox idi. Bizdən əvvəlki illərdə məzun olanlar kimi, mən və mənim yaşıdlarım da Azərbaycana istiqamətlənmiş, hətta oranın imtahan vəsaitləri ilə, oradakı təhsil sisteminə uyğun qəbula hazırlaşırdıq. Mən 12 – ci sinifdə oxuyanda gürcü dilindəki sadə mətnləri belə hecalayaraq oxuyurdum. Cümlə qurmaqdan və danışmaqdan isə ümumiyyətlə söhbət gedə bilməzdi. Sonra isə, son sinifin ikinci semestrindən hər şey dəyişdi və gürcü dilini universitetə qəbul olduqdan sonra öyrənmə imkanımızın olduğunu öyrəndik. Bu bizə bir il vaxt itkisi hesabına başa gələcəkdi, ancaq razılaşdıq ( nə yaxşı ki, razılaşmışıq. ) Qısa bir hadisə nəql edə bilərəm. Dövlət kanalında məhz bu hazırlıq kursu ilə bağlı veriliş çəkilmiş və bizi də ən fəal şagirdlər kimi dəvət etmişdilər. Hazırlıq programının rəhbəri Kaxa Qabuniya qonaq idi. Və mən orda vermək istədiyim sualı kənddə ikən azərbaycan dilində yazmış, gürcü dili müəlliməmə tərcümə etdirmişdim. 50 km – lik Qardabani – Tiflis yolu boyu o cümləyi əzbərləmişdim ki, canlı yayımda qonağa ünvanlayım. Bax bu idi, mənim gürcü dilini bilmə səviyyəm.

Hər şey universitetlə və inadkarlığımla başladı. Bacaracağıma inanırdım. Vaz keçməmək mənim çox sevdiyim cəhətimdir. Bəlkə də, yeganə… Tam hər şeyin qopacağını düşündüyün anda daha sıx tutuna bilmək. Onda yolun ağırlığı da şirin görünür.

– Univesite13149863_477070365825967_1402232683_ntdə də məhz gürcü dili filologiyası oxudun. Bundan başqaları, əsas da gələcək nəsil necə yararlana biləcək? Aldığın təhsili kimlə və necə paylaşmağı düşünürsən?

– Gürcü dilindən xəbəri olmayan insanın birdən- birə gürcü filologiyası oxuması qəribə səslənir ancaq, məni bu sahəyə dildən çox ədəbiyyat çəkdi. Mən müəllimliyi və ədəbiyyatı çox sevirəm. Hər iki sevginin məndə boy atmasını isə ədəbiyyat müəllimimə borcluyam. İlk güclü bağ, müəllim şagird bağlı o insanla armada yarandı və mənə çox zaman güc verdi. Bu sahəni seçdiyim zaman kim necə yararlanacaq deyə düşünməmişdim. Azərbaycanda da oxusam eyni sahədə olacaqdım. Bəli, sadəcə istədiyim üçün. Özünü aid hiss etdiyim üçün.  Ədəbiyyatı öyrənmək, ədəbiyyatın içində ola bilmək üçün. Müəllim ola bilmək arzusu da öz yerində. Müəllimlik isə hamıya fayda verə bilər.

– İki dili (Azərbaycan, gürcü) də yaxşı bilməyin sənə tərcüməlik, jurnalistika kimi müxtəlif işlərdə faydasını göstərib. Bu işlərindən bəhs edərdin. Məsələn, ilk başda hansısa çətinliklərin oldumu, necə başa çıxa bildin, aldığın təhsili istifadə edə bilirsənmi…?

– Bəli. İki dili bilmək, ümumiyyətlə dil bilmək insan üçün açıq qapı deməkdir. Neçə dil bilsən, o qədər insansan deyirlər. Bəli, tərcüməçiliklə məşğul oluram. Filolog olmağıma baxmayaraq, hal- hazırda radioda jurnalist olaraq çalışıram. Məmnunam. Aktiv xarakterliyəm, fiziki yüklənmədən qorxmadığım üçün bir neçə işi bir arada həll edə bilirəm.  Əsas odur ki, insan işində rahat olsun. Faydalı ola bilsin. Çətinlik oldu, əlbəttə hər işin başında, təcrübəsizlik biraz çətinlik törədir ancaq, uyğunlaşma problemim olmadığı üçün, bir çox mühitə də tez alışıram. Yəni çətinlik olsa da uzun çəkmir. Aldığım təhsili bəli. Ancaq, hələ təhsildən payımı tam almamışam, magistr və ondan sonrakı dərəcələri də oxumalıyam.

– Afayət, sənin həm də gözəl hekayələrin var. Biraz bu haqda danışaq. Məsələn, ilk hekayən (mövzu, yazmağa səbəb), nə zaman, nə haqda, hansı dillərdə yazırsan?

Hə, yazıram. İlk hekayəm hətta gürcü dilinə tərcümə edilmişdi. 7 il əvvəl. Gürcü dilində toplu çap edildi. Gürcüstandakı bütün etnik qrupların nümayəndələrinin əsərləri yer almışdı. Mənim də bir balaca hekayəciyim. Ana və körpəsi haqqında. Ana və körpəsinin dünyanın içində başqa bir dünyaya sahib olması haqqında. Səbəb, tam tərsdən qaynaqlanmışdı. Bir ananın körpəsinə qəddarca davranması ana – övlad sevgisini yazdırmışdı mənə. Görmək istədiyimi sözlə ifadə etmişdim sadəcə. Zaman haqqında deyə bilməyəcəm, çünki bunu mən də bilmirəm. Bəzən universitetdə mühazirədə. Bəzən evdə. Birmənalı şəkildə konkret yazdığım yer var deyə bilmərəm. Azərbaycan dilində yazıram. Gürcü dilində yazmağa keçən ildən başlamışam. Hələ yalnız müəllimimlə paylaşmışam. Deyir ki, sən istəsən çox şey alınacaq. İstəyirəm və ümid edirəm ki, alınacaq.

– Afayət gələcəkdə özünü harda görür? Həyatına daha nələri/kimləri qatıb, nələri/kimləri xaric edəcək?

Gəzmək, görmək və oxumaq istədiyim yerlər var. İtaliya, Almaniya, Misir, İsfahan. Amma, Tiflis ( Tbilisi yazmıram bax, mən onu Tiflis kimi daha çox sevirəm ) mənim vaz keçə bilməyəcəyim şəhərdir. Tiflis ruhlu və səmimi şəhər olduğu üçün, burada. Amma, yəqin edirəm ki, sən özünü harada görürsən dedikdə , iş həyatını nəzərdə tutmuşdun. Bilmirəm. Mən ədəbiyyatda irəliləmək istəyirəm… Həyatıma kimlərin daxil olub, kimlərin çıxacağını isə zaman göstərəcək. Belə indidən qərar versək haqsızlıq olar.

Şərhlər

Şərhlər

Müəllif

Analitik İnformasiya Portalı “Kvira” başqa mənbədə oxuya bilməyəcəyiniz və gürcü mediasının əsasən susduğu xəbərləri, mövzuları işıqlandırır.